21 dekabr 2023 17:37
569

SOCAR ədalətli və elmə əsaslanan enerji keçidinin tərəfdarıdır- Rövşən Nəcəf

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ədalətli və elmə əsaslanan enerji keçidinin tərəfdarıdır.

“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.

“Bu yaxınlarda SOCAR 2050-cü ilə qədər “sıfır karbon" öhdəliyini üzərimizə götürüb. Bu o deməkdir ki, 2050-ci ilə qədər SOCAR-ın bütün fəaliyyətində atmosferə atılan tullantıların emissiyası sıfıra endirilməlidir. Bununla belə biz qarşıya qoyduğumuz hədəfləri qiymətləndirərək, onları yalnız 2050-ci ildə yaşayan uşaqları deyil, bu gün yaşayan uşaqları da düşünərək həyata keçirməliyik. Çünki bütün nəsillərin düzgün, yaxşı, layiqli həyat sürmək haqqı var. SOCAR olaraq qarşımıza qoyuduğumuz məqsəd bu haqqın daimi olaraq ödənilməsidir”,- deyə, o qeyd edib.

R.Nəcəf enerji keçidi ilə bağlı qarşıya qoyulan hədəflərdə əsas amilin bərpa olunan enerji sahəsindəki texnologiyaların kommersiya cəhətdən rentabelli olmasından ibarət olduğunu diqqətə çatdırıb: “Şirkətlər həmin layihələrə maliyyə vəsaiti sərf edirsə, onun müqabilində gəlir əldə etməlidir ki, yenidən həmin texnologiyaları daha da inkişaf etdirə bilsin. İndiki texnologiyalar bəzi sahələrdə hələki pilot texnologiyalardı və kommersiya cəhətindən sübut edilməsinə ehtiyac var. Bu, elmi tədqiqat işlərinə böyük xərclər tələb edir".

SOCAR prezidentinin sözlərinə görə, eyni zamanda anlamaq lazımdır ki, bu hər hansı bir şirkətin tək həyata keçirəcəyi iş deyil və burada əməkdaşlıq böyük rol oynayır: "Burada biz xüsusilə tərəfdaş şirkətlərlə əməkdaşlıq etməliyik. Baxmalıyıq ki, hansı yeni texnologiyalardan istifadə etmək lazımdır. Eyni zamanda həll edilməsi olan bəzi məsələlər də var. Bununla belə biz əminik ki, innovasiyalar, elmi-texniki tədqiqatlar sahəsində bizim müşahidə etdiyimiz hazırkı inkişaf templəri dekarbonizasiya ilə bağlı qarşıya qoyduğumuz məqsədlərə qısa müddətdə çatmağa imkan verəcək”.