Uşaqların düzgün tərbiyə edilməsi valideynlər üçün daim aktual bir problemdir. Uşaq böyüdən ailələr üçün tərbiyə məsələsi həmişə dəyişməz olaraq qalır. Uşaq tərbiyəsi ilə bağlı yazılar, elmi əsərlərin də sayı az deyil. Bu gün valideynlər uşaq tərbiyəsində bəzən şəxsi intuisiyalarına, bəziləri öz valideynlərinin təcrübəsinə əsaslanır, bəziləri isə mütəxəssislərə etibar edirlər. Amma ümumilikdə götürsək, bu gün valideyn-övlad arasındakı problemlər münasibətlərin tam düzgün qurulmadığını göstərir. Ümumiyyətlə, uşaq dünyaya gəldikdən sonra təməl prinsip onu sosial mühitə hazırlamaqdır. Bunun üçün isə öncə ata və ana öz münasibətlərini tənzimləməli, daha sonra övladları ilə düzgün münasibət qurmalıdırlar. Təəssüflə qeyd etməliyik ki, mətbuatda, sosial şəbəkələrdə azyaşlı, hətta bir neçə aylıq uşaqların valideynləri, dayələri tərəfindən döyüldüyünə dair xəbərlərlə, görüntülərlə qarşılaşırıq. “Tərbiyə etmək” adı altında uşaqların döyülməsi, fiziki cəzalara məruz qalması, söz demək hüquqlarının pozulması uşaqların normal inkişafını zərbə altına qoyur.
Bu fikirləri “İki sahil”ə açıqlamasında “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva bildirib.
Heç bir uşağı döymək, incitmək, onun mənliyinə , qüruruna, şəxsiyyətinə toxunacaq hərəkətlər etmək olmaz. Hətta onları küncədə qoymaq olmaz
Ekspert qeyd edib ki, heç bir uşağı döymək, incitmək, onun mənliyinə , qüruruna, şəxsiyyətinə toxunacaq hərəkətlər etmək olmaz. Hətta onları küncədə qoymaq olmaz: “Çünki bu zaman onlarda uşaq şəxsiyyətinin alçaldılması prosesi gedir. Belə olan halda gələcəkdə həmin uşaqdan yaxşı nəsə gözləmək mənasızdır. Uşağı döyən zaman o düşünür ki, mən səhv etdim və valideynlərim məni döydü. O uşaq gələcəkdə cəmiyyətə şiddət daşıyacaq və səhv edən hər kəsi döyməyə başlayacaq. Döyülən uşaqlarda özgüvən azalır, sosiallaşma prosesi yavaşlayır, nitq qabilliyyəti zəifləyir, stresi artır, əlləri tərləyir, bədəni əsir yersiz ağrıları olur.
Bunun bir sıra səbəbləri var. İlk növbədə ona görə ki, özləri də vaxtı ilə valideynləri tərəfindən fiziki zorakılığa məruz qalıblar. Uşaq üçün ən qiymətli insanlar onun valideynləridir. O, valideyninin etdiyini tənqid etməkdənsə, böyük ehtimalla özünü etdiyi nərəsə görə günahkar hesab edəcək, ona görə də hətta yetkin insanlar belə “yaxşı edib döyürdülər, mən çox dəcəl idim” kimi arqumentlər gətirirlər. Digər səbəb ondan ibarətdir ki, döymək – operativ və sürətli, göz qabağında olan nəticələr verir. Nəyisə sındırdığına, kəsdiyinə, ayağını suya saldığına, icazəsiz nəyisə götürdüyünə və s. görə uşağa yerindəcə verilən fiziki cəza onu ikinci dəfə bu hərəkəti eləməkdən əlbəttə ki, çəkindirəcək.
Döyülən uşaqlar daima qorxu, həyəcan içində olurlar,
Tərbiyələndirmə məqsədilə döyülən uşaqlar daima qorxu, həyəcan içində olurlar, kənardan absurd təsir bağışlayan səbəblərə görə narahat olurlar, yuxarı və aşağı ətraflarında titrəmə, passivlik, disleksiya, özündən əmin olmamaq, uğursuzluqdan, valideynin gözündə pis olmaqdan qorxular və s. kimi hallar keçirirlər. Xoşbəxtlik və xoş duyğulara cavab verən hormonların əskik olması isə mədə-bağırsaq pozuntuları, həddən çox yemək, piylənmə, ən dəhşətlisi isə, xroniki depressiyalara, müxtəlif psixi və əsəbi pozuntulara səbəb olur.
Depressiyaların növləri olduqca müxtəlifdir və hər uşaqda çox fərqli təzahür edir. Fərq isə hər bir uşağının aldığı fiziki cəzaların xarakteri, səbəbi ilə əlaqəlidir. Kimisə çubuqla döyürlər, kiminsə dərisinə qızdırılmış dəmir alətlər basırlar, kiməsə yüngülcə vururlar, kiminsə əllərinə xətkeşlə, kiminsə üzündən sillə, kimisə sadəcə otaqda tək bağlamaqla, kiməsə yemək verməməklə cəza verirlər.
Təranə Paşayeva bildirib ki, bəzən fərqinə varmadan valideynlər tərəfindən göstərilən şiddət nəticəsində həmin uşaqlarda təkcə valideynlərinə qarşı deyil, bütövlükdə cəmiyyətə qarşı fikir və münasibətlərinin dəyişməsi ilə nəticələnə bilir. Şiddət görmüş şəxs artıq başqaları ilə münasibətdə məsafə saxlayır, onlar tərəfindən də nə zamansa şiddət görəcəyinin qorxu və narahatlığını yaşayır. Belə olan halda isə, həmin şəxslərdə davamlı qorxu, stress, aqressiya, həyəcan təşviş pozuntuları müşahidə olunur.
Əgər uşaq hər hansı bir xoşagəlməz hərəkət edərsə..
Əgər uşaq hər hansı bir xoşagəlməz hərəkət edərsə, dərslərini vaxtında çalışmazsa, yeməyini yeməz və ya yatmaqdan imtina edərsə, onları aşağılayacaq sözlər demək və şiddət göstərmək olmaz. Bir çox valideynlər buna diqqət etməsə də, amma daimi şiddət və təhqir görən uşaqlarda anaya, ataya qarşı nifrət yaranır. Yəni o, döyüldüyü üçün özünü günahkar saymır, əksinə, onu döyənə qarşı içində kin bəsləyir.
Bəzən qadağa qoymaqla heç nə əldə edə bilməyən, övladları tərəfindən sözləri eşidilməyən valideynlər bir çox hallarda qeyri-ciddi metodlarla öz istəklərini həyata keçirirlər, onları müxtəlif əşyalarla, heyvanlarla, hətta insanlarla qorxudurlar. El arasında ən çox eşitdiyimiz “xortdan gələr”, “it dişləyər”, “həkim sənə iynə vurar” və s. kimi ifadələr yəqin ki, bir çoxumuza tanış ifadələrdir. Lakin bu kimi formada uşaqları qorxutmaq yalnız onların psixologiyasına mənfi təsir edə bilər. Onlar övladlarının psixoloji vəziyyətində qorxunun hansı mənfi nəticələrə, hətta isteriyaya gətirib çıxaracağını dərk etmirlər. Bütün bunlar, əlbəttə ki, yolverilməz hallardır.
Ekspert vurğulayıb ki, uşaqların inkişafında və formalaşmasında sağlam mühitin rolu çox böyükdür. Sevgi və nəvazişlə dolu, müsbət emosiyalı, mübahisə olmayan ailədə böyüyən uşaqlar digərlərindən özlərinə güvənmələri, özlərini yüksək qiymətləndirmələri ilə fərqlənirlər. Qeyd edim ki, ailədə bütün vacib məsələlərdə, xüsusən uşaq tərbiyəsi ilə bağlı hər iki valideynin sözü üst-üstə düşməlidir. Yəni ananın sözünü ata və ya atanın sözünü ana inkar edərsə, bu zaman övladın düzgün tərbiyəsindən söhbət gedə bilməz. Uşaqların nitqi, danışıq tərzi də valideynlərin davranışı ilə birbaşa bağlıdır. Əgər valideyn övladı ilə kobud danışırsa, uşaq da dostları ilə, ümumilikdə ətrafdakılarla söhbət edərkən belə danışıq tərzi nümayiş etdirəcək. Valideynlər davranışları ilə öz övladlarına örnək olmalıdırlar.
Yaqut Ağaşahqızı ,”İki sahil”