25 dekabr 2023 10:58
403

Kürdəmirdə SOCAR-ın yeni yanacaqdoldurma stansiyası açılıb

Kürdəmir rayonunda “SOCAR” brendli ilk yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə “SOCAR PETROLEUM” QSC-nin nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Kürdəmir şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

Daha sonra rayonun Atakişili kəndi, Babək küçəsi ünvanında yerləşən yeni yanacaqdoldurma stansiyasının açılışı olub. Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə “SOCAR PETROLEUM”un nümayəndələri çıxış edərək şirkətin strateji inkişaf planından söz açıb, eyni zamanda, “SOCAR” brendi altında fəaliyyət göstərən YDS şəbəkəsinin aktiv şəkildə genişləndirildiyini vurğulayıblar. Yeni yanacaqdoldurma stansiyasının “Heydər Əliyev İli” çərçivəsində istifadəyə verilən sayca 8-ci YDS olduğu bildirilib.

Qeyd edək ki, yanacaqdoldurma stansiyasının açılması ilə bərabər 28 yeni iş yeri də yaradılıb. Yeni YDS-lər, eyni zamanda, ölkəmizdə məşğulluq səviyyəsinin artırılmasına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına töhfə verir.

Yeni istifadəyə verilən YDS-də 4 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Burada “Aİ-92”, “Aİ-95” Premium və “Dizel” markalı yanacaq məhsullarının satışı həyata keçiriləcək. YDS-də nağdsız satış üçün POS-terminallar da fəaliyyət göstərəcək. Həmçinin yeni YDS-də Birbank Visa kartları ilə ödəniş edən müştərilər 5% keşbek qazanacaq.

YDS-də elektromobillər üçün şarj avadanlığı da quraşdırılıb. Yeni quraşdırılmış şarj məntəqəsində eyni vaxtda iki elektromobil şarj edilə bilər.

Hazırda Kürdəmirdə fəaliyyətə başlayan YDS-lə birlikdə ölkə ərazisində SOCAR brendli 55 yanacaqdoldurma stansiyası və 12 neft terminalı sahəsi fəaliyyət göstərir. Xatırladaq ki, onlardan 7-si işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDS-lərdə müştərilər üçün bir sıra üstünlüklər, o cümlədən yanacağın həcm dəqiqliyinin yoxlanılması imkanı mövcuddur.