25 dekabr 2023 17:05
648

Gürcüstanda Azərbaycanın maliyyə dəstəyi ilə təhsil alan tələbələrlə görüş keçirilib

SOCAR-ın Gürcüstan nümayəndəliyində bu ölkənin müxtəlif universitetlərində Azərbaycanın maliyyə dəstəyi ilə təhsil alan və yüksək nəticələr əldə etmiş tələbələrlə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, tələbələr iştirak ediblər.

Mahir Məmmədov 2021-2022-ci, eləcə də cari tədris ilində yüksək nəticə əldə etmiş tələbələri təbrik edib.

Bildirib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərir. Gürcüstanda milli azlıqlar üçün tətbiq olunan “1+4” proqramı çərçivəsində təhsil alan gənc soydaşlarımızın təhsil haqlarının ödənilməsi də həmin qayğının əyani göstəricisidir.

M.Məmmədov təhsil sahəsində həyata keçirilən layihələr, gənclərin elmə marağının artırılması məqsədi ilə tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verib.

Sonra səfir Faiq Quliyev ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişaf perspektivlərindən danışıb. O, Azərbaycan dövlətinin soydaşlarımızla bağlı həyata keçirdiyi sosial-iqtisadi layihələrdən bəhs edib: "Son illər ərzində Gürcüstanda sosial layihələrə 70 milyon dollardan çox vəsait xərclənib. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində məktəb, uşaq bağçaları və idman komplekslərinin tikintisində Heydər Əliyev Fondu mühüm rol oynayır. SOCAR da bu layihələrdə böyük paya malikdir".

Görüşdə tələbələrin təhsilə marağının artırılması məqsədilə hazırlanan yeni layihələr barədə də məlumat verilib.