25 dekabr 2023 23:45
802

Xatirəsi daim qəlblərdə yaşayacaq alim

Əzimov Böyükağa Əliqulu oğlu - 100

Azərbaycan neft sənayesinin  və neft elminin inkişafında böyük xidmətləri olmuş, ictimai və siyasi fəaliyyəti ilə seçilən, kibernetika və hesablama texnikası sahəsində tanınmış alim, texnika  üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Əzimov Böyükağa Əliqulu oğlunun anadan olmasının 100 ili tamam olur.

Əzimov Böyükağa Əliqulu oğlu 1924-cü il yan­va­rın 16-da Bakı şəhərində ana­dan olmuş­dur. 1944-cü ildə Azərbaycan Sənaye İns­titutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) və 1947-ci ildə Azər­bay­­can Qiyabi Pedaqoji İnstitutunu bitirmiş­dir.

1950-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1963-cü ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1964-cü ildə professor el­mi adını almış, 1967-ci ildə AEA-nın müxbir üzvü seçilmişdir.

B.Əzimov Azərbaycan Neft Sənayesi Elmi Tədqi­qat Layihə İnstitutunda (AzNSETLİ) mü­hən­dis, aspirant, baş mühəndis, sektor mü­diri işləmiş və 1951-ci ildən respublikada hesablayan elektron maşınların (HEM) neftçıxarmada tətbiqi laboratoriyasına rəhbərlik etmişdir. Azərbaycan SSR Nazirlər Soveti Elm və Texnika Komitəsi sədrinin müavini (1957-1960), Azərbaycan SSR Nazirlər Soveti Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsi sədrinin birinci müavini və sədri (1961-1966), Azərbaycan SSR Nazirlər Soveti elm və texnika şöbəsinin müdiri (1966-1972) olmuşdur. 1966-cı ildən Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunda HEM laboratoriyası əsasında yaradılmış hesablama texnikası şöbəsinin müdiri olmuşdur. 1961-ci ildə "Texniki tərəqqi uğrunda" elmi-texniki jurnalın baş redaktoru olmuş və  FRTEB aka­demik-katibinin müavi­ni vəzifələrində çalış­mışdır.  Tədqiqatları əsasən kibernetika üsullarına, avtomatlaşdırılmış idarə etmə sistemlərinə, neft mədənlərinin elektrik enerjisi ilə təchizinə və s. aiddir. Elmi kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur. 

B.Əzimovun tədqiqatları əsasən idarəetmənin avtomatlaşdırılmasına həsr olunmuşdur. O, respublikada neft kibernetikası sahəsində elmi istiqa­mətin əsa­sını qoymuşdur. İlk dəfə olaraq ştanqlı nasosların işinin etibarlılı­ğının təd­qi­qi­nin avtomatlaşdırılması ilə əlaqədar kompleks məsələləri həll etmiş, ştanqlı nasosların idarəedilməsinin optimallaşdırılması sistemini yaratmış və AİS-neft­­çıxarma sisteminə daxil etmişdir. Rəhbərliyi altında və iştirakı ilə istismar quyularının işinin müxtəlif rejimlərində neft-su təmasının hərəkətinin idarəedil­məsinin optimallaşdırılması məsələlərinin həllinə xətti, qeyri-xətti, parametrik proqramlaşdırmanın tətbiqi, qeyri-müəyyənlik şə­ra­itində qazkon­densat yataq­la­rının işlənilməsi prosesinin optimallaşdırılmasına imkan verən variasiya məsələləri həll edilmişdir. Neftçıxarmanın intensiv­ləşdirilməsi üçün neft layına istilikdaşıyıcıların fasiləsiz vurulması, quyudibi zo­nalarının qızdırıl­ması və s. texnoloji üsulların tətbiqi zamanı əsas texnoloji göstəricilərin təyin edilməsinin riyazi modeli qurulmuş, həll alqoritmi və proqram təminatı tərtib edilmişdir. AİS-də coxsahəli tədqiqatları, о cümlədən avtomatlaşdırılmış infor­masiya sistemlərində riyazi və infor­masiya təminatı, optimallaşdırma, sistemli proqramlaşdırma və s. nəticəsində, neft sənayesin­də idarəetmənin avtomatlaş­dırılmasının nəzəriyyə və praktikası üçün mühüm əhəmiyyətli məsələləri həll etmişdir.

B.Əzimov 300-dən artıq elmi məqalənin, 27 monoqrafiyanın müəllifidir.

Onun bu xidmətləri yüksək qiymətləndirilərək “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordeni, “Əmək rəşadətinə görə” medalı ilə təltif olunmuş, Azərbaycan Respublikası Ali Sovetinin və “Azneft” İstehsalat Birliyinin  Fəxri ərmanları ilə təltif olunmuş, “Fəxri Neftçi”,  “SSRİ neftçıxarma sənayesi əlaçısı” adlarına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Böyükağa Əzimov 1986-cı ildə Bakı şəhə­rində vəfat etmişdir. Onun əziz xatirəsi tanıyanların qəlbində daim yaşayacaqdır.

SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” institutunun kollektivi adından 
Fəxrəddin İsmayılov, 
Direktor