Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunun tətbiqi barədə Fərman imzalayıb.
Fərmana əsasən, ölkəmizin 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat məbləğində təsdiq edilib. Yəni, gələn ilin dövlət büdcəsinin kəsiri 2 milyard 590 milyon manat nəzərdə tutulub. 2024-cü ildə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 60 ABŞ dolları səviyyəsində götürülür.
2024-cü ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 41,1 faizini və ya 13 milyard 865 milyon manat təşkil edəcəkdir. Bu da cari ilin göstəricilərindən 1 milyard 122 milyon manat və ya 7,5 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1 milyard 678 milyon manat və ya 10,8 faiz azdır. Bununla yanaşı, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 12 milyard 781 milyon manatı və ya 37,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 5 milyard 900 milyon manatı və ya 17,5 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşür. Həmçinin gəlirlərin 831 milyon manatı və ya 2,5 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 388 milyon manatı və ya 1,2 faizi isə sair gəlirlərin hesabına formalaşacaq.
Gələn il neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 76,3 faizini və ya 12 milyard 781 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 23,7 faizini və ya 3 milyard 975 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. Növbəti ildə qeyri-neft/qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 58,1 faizini vergi orqanlarının xətti ilə daxilolmalar, 34,7 faizini gömrük orqanlarının xətti ilə daxilolmalar, 4,9 faizini büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən büdcədənkənar fondlara daxilolmalar, 2,3 faizini sair gəlirlər təşkil edəcəkdir.
2024-cü il üzrə dövlət büdcəsinə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 71,3 faizi və ya 9 milyard 890 milyon manatı qeyri-neft sektorunun, 28,7 faizi və ya 3 milyard 975 milyon manatı neft sektorunun payına düşür. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-in 5 faizi həcmində olmaqla 5 milyard 900 milyon manat nəzərdə tutulur. Bu da 2023-cü ilin göstəriciləri ilə müqayisədə 172 milyon manat və ya 3 faiz çoxdur.
Funksional təsnifat üzrə 2024-cü ildə iqtisadi fəaliyyət xərclərinə 7 milyard 380 milyon manat (xüsusi çəkisi 20,3 faiz), ümumi dövlət xidmətləri üzrə xərclərinə 4 milyard 814,9 milyon manat (xüsusi çəkisi 13,2 faiz), müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6 milyard 421 milyon manat (xüsusi çəkisi 17,7 faiz), səhiyyə xərclərinə 1 milyard 871,3 milyon manat (xüsusi çəkisi 5,2 faiz), sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4 milyard 542,2 milyon manatdır (xüsusi çəkisi 12,5 faiz).
Həmçinin məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 2 milyard 956,7 milyon manat (xüsusi çəkisi 8,1 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 5 milyard 74,8 milyon manat (xüsusi çəkisi 1,6 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərinə 1 milyard 392,7 milyon manat (xüsusi çəkisi 3,8 faiz), mənzil və kommunal təsərrüfatı üzrə xərclərinə isə 364,8 milyon manat (xüsusi çəkisi 1 faiz) vəsait yönəldiləcək.
Cavid Əkbərov, “İki sahil”