28 dekabr 2023 17:51
888

SOCAR-ın strukturunda “SOCAR Green” MMC şirkəti təsis edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının iclasında “SOCAR Green” MMC şirkətinin təsis edilməsi qərara alınıb.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamından irəli gələn tapşırıqlar çərçivəsində təsis olunan şirkətin əsas məqsədi SOCAR-ın strateji bərpaolunan enerji layihələrinin effektiv idarə edilməsi, bu sahədə beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, habelə neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərməkdən ibarətdir.

Bərpaolunan enerji, yaşıl hidrogenin istehsalı, karbonun tutulması, utilizasiyası və saxlanılması kimi layihələrin icrası, ölkə üzrə karbon emissiyasının azaldılması üçün strateji yol xəritələrinin hazırlanmasında müvafiq köməkliyin göstərilməsi şirkətin əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib. Eyni zamanda, yeni yaradılan şirkət qeyd olunan sahələrdə beynəlxalq təcrübələrin öyrənilməsini və ölkəmizdə tətbiqini həyata keçirəcək.

“SOCAR Green” MMC şirkəti “Masdar” şirkəti ilə birgə "Meqa” layihəsinin ilkin mərhələsində quruda 1 QVt gücündə külək və günəş enerjisi, bp şirkəti ilə birgə “Şəfəq” layihəsi çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə günəş enerjisi layihələrini icra edəcək. Həmçinin şirkət tərəfindən “ACWA Power”, “Masdar” və “Energy China” şirkətləri ilə birgə Naxçıvan Muxtar Respublikasında günəş və külək enerjisi layihələrinin icrası nəzərdə tutulur.

Qeyd olunan nüfuzlu şirkətlərlə əməkdaşlıq etməklə “SOCAR Green” MMC yaşıl enerji, dekarbonizasiya və aşağı karbonlu layihələrin Azərbaycanda və xaricdə həyata keçirilməsində, SOCAR üçün yeni biznes imkanlarının yaradılmasında, bu sahələrdə kadr bazasının formalaşdırılmasında və mövcud potensialın gücləndirilməsində, həmçinin “Xalis sıfır” emissiya hədəflərinə çatmaqda öz müsbət töhfəsini verəcək.