30 dekabr 2023 23:48
846

2023-cü il “Azəriqaz” üçün nələrlə yadda qaldı?

SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyi (İB) abonent məmnunluğu qazanmaq və vətəndaşların sosial-məişət firavanlığını təmin etmək üçün 2023-cü ildə əhəmiyyətli layihələr həyata keçirib. Qeyd edək ki, bu layihələr əsasən Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Regionlarınn sosial-iqtisadi inkişafı üzrə Dövlət roqramları çərçivəsində respublikanın müxtəlif bölgələrinin qazlaşdırılmasını və qaz təchizatının yaxşılaşdırılmasını əhatə edib. Belə ki, cari ildə «Azəriqaz» İB-nin daxili maliyyə resursları hesabına müxtəlif bölgələrdə 111 yaşayış məntəqəsi və yeni yaşayış massivi də qazlaşdırılıb.

Xüsusi diqqət meşəətrafı ərazilərdə yerləşən rayonlarımızın yaşayış məntəqələrində qaz təchizatı infrastrukturunun yaradılmasına yetirilmişdir. Yaşayış ərazilərinin qazlaşdırılması layihələri çərçivəsində ölkəmizdə 400 kilometrə yaxın müxtəlif diametrli yeni qaz kəmərləri çəkilmişdir. Dövlət qayğısı ilə əhatələnmiş şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının sosial rifahının daha da yüksəldilməsi üçün onların yaşadıqları fərdi yaşayış evlərinin «Azəriqaz» İB-nin daxili imkanları hesabına qazlaşdırılması işləri geniş vüsət almışdır. Qazlaşdırılma tədbirləri nəticəsində ölkə ərazisində əhali sektorunun qazlaşdırılması səviyyəsi 96,4 faizə çatmışdır.

Son 1 ildə 60 mindən çox yeni abonent qeydiyyata alınmış və təbii qazdan istifadə edən abonentlərin ümumi sayı 2 milyon 500 mini ötmüşdür. Təbii qazdan istifadə edən bütün abonentlər qaz sayğacları ilə təmin olunmuşdur. Yeni abonentlərdə yeni nəsil «smart» qaz sayğaclarının quraşdırılmasına da start verilmişdir. Bu sayğacların gələcəkdə İOT texnologiyasına qoşulması ilə avtomatlaşdırılmış müasir nəzarət və uçot sisteminin yaradılması mümkün olacaqdır ki, bunun nəticəsində qaz uçotu məsələlərində abonentlərin rahatlığı və məmnuniyyəti tam şəkildə təmin ediləcək. Eyni zamanda, müasir qaz tənzimləyici şkafların quraşdırılması işləri də davam etdirilmişdir.
İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması və texniki qaz itkilərinin azaldılması məqsədilə ümumən 270 kilometrə yaxın müxtəlif diametrli qaz kəmərləri əsaslı təmir olunmuşdur. Bu tədbirlər nəticəsində qaz itkiləri əhəmiyyətli dərəcədə azalmış, fasiləsiz və dayanıqlı qaz təchizatı təmin olunmuş, qaz təchizatında dayanma hallarının sayı kəskin azalmışdır. Müştəri məmnuniyyətinin təmin olunması, müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, şəffaflığın təmin edilməsi məqsədilə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən «Asan xidmət», «Asan kommunal» və «KOBİA» mərkəzlərində qaz təchizatı ilə bağlı 21 növ xidmət göstərilir. Bu xidmətlərin elektronlaşması istiqamətində işlər aparılır. Son 1 ildə qaz təchizatı ilə bağlı qeyd olunan mərkəzlərə 460 minə yaxın vətəndaş müraciəti daxil olmuş və vətəndaşlara müxtəlif xidmətlər göstərilmişdir.

2023-cü ildə əməliyyat səmərəliliyinin artırılması və müasir idarəetmə prinsiplərinin tətbiqi məqsədilə qaz təsərrüfatının müxtəlif istiqamətləri üzrə İSO 9001 keyfiyyətin idarəedilməsi sisteminin tədbiqi uğurla davam etdirilmişdir. Müştərilərdən daxil olan müraciətlərə və çağırışlara operativ baxılması və tədbirlərin görülməsi üçün 104 Çağrı Mərkəzi yeni formatda, müasir informasiya-kommunikasiya texnologiyalarından və avtomatlaşdırılmış elektron proqram təminatından istifadə etməklə öz fəaliyyətini davam etdirir. Müştəri məmnuniyyətinin təmin olunması məqsədilə pilot layihə olaraq ilkin mərhələdə Bakı şəhəri və Abşeron rayonu üzrə təmir-bərpa işləri zamanı qaz təchizatında dayanmaların vaxtı barədə daha operativ məlumatlandırılması üçün vətəndaşlara SMS bildirişlərin göndərilməsi təşkil olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı»nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin
21.06.2022-ci il tarixli, 357 nömrəli sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə «yaşıl enerji» zonasının yaradılması üzrə Tədbirlər Planı»nın icrası ilə əlaqədar olaraq qaz təchizatı məqsədilə daşıyıcı qaz kəmərlərinin tikintisi işləri aparılmışdır. Növbəti illərdə də qeyd olunan layihələrin icrasının davam etdirilməsi nəzərdə tutulmuşdur.
Sahibkarlığın inkişafına dəstək, qaz təminatı ilə bağlı vətəndaşları və sahibkarları narahat edən problemlərin və müraciətlərin operativ həlli, vətəndaşların və sahibkarların sual və müraciətlərin rahat şəkildə «Azəriqaz» İB-yə çatdırılması üçün «Hər bir məmur xalqın xidmətçisidir!» şuarı ilə müxtəlif ünvanlarda «Açıq mikrofon» səyyar qəbullar təşkil olunmuşdir. «Facebook» sosial şəbəkəsi üzərindən canlı yayımlanan, media və QHT nümayəndələri, sosial şəbəkə fəalları (blogerlər) üçün hər həftə İB-də «Açıq qapı» aksiyası davam etdirilmişdir.

«Azəriqaz» İB -nin yaxın perspektivə əsas hədəfləri göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştəri tələblərinin maksimum təmin olunması, qaz təchizatı şəbəkəsinin müasir standartlara uyğun olaraq modernizasiyası, əməliyyat
səmərəliliyini artıran müasir texnika və texnologiyaların tədbiqi, idarəetmə prinsiplərinin təkmilləşdirilməsindən ibarətdir.

Elçin Zaman, «İki sahil»