10 yanvar 2024 00:44
369

Depozit gəlirləri vergidən necə azad edilə bilər?

Bu il yanvarın 1-dən etibarən fiziki şəxslərin banklarda olan depozit gəlirlərinə vergi güzəştləri qüvvəyə minib. Belə ki, fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox müddətə yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən tamamilə azad olunacaq. Bu müddətdən az dövrdə bankda saxlanan əmanətlər üzrə isə aylıq 200 manat gəlir vergisindən azaddır.

Göründüyü kimi, iki halda vətəndaşlar gəlir vergisi ödəməyəcək. Birincisi, əgər vətəndaşın əmanət üzrə milli valyutada hesablanan aylıq gəliri 200 manata qədərdirsə, o halda vəsait gəlir vergisindən tamamilə azad ediləcək. Əgər 200 manatdan çoxdursa, bu məbləğədək olan hissəsi gəlir vergisindən azad olunacaq. Məsələn, əgər vətəndaş 10 faizlə 24 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 2400 manat, aylıq gəliri isə 200 manat olacaq. Yəni, bu o deməkdir ki, bu halda vətəndaşın əmanət gəliri tamamilə vergidən azad ediləcək. Amma əgər vətəndaş 10 faiz ilə 30 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 3 min manat olacaq və bu məbləğdən 2400 manat çıxılacaq, qalan hissə 10 faiz gəlir vergisinə cəlb ediləcək. Bu halda vətəndaşın ödədiyi cəmi vergi 60 manat olacaq.

Burada digər sual aylıq depozit gəliri 200 manatdan çox olan vətəndaşlarımızın vergi güzəştlərindən necə tam istifadə etməsi ilə bağlıdır. Dəyişikliyə əsasən, fiziki şəxslərin hər bir bankda (o cümlədən xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azaddır. Bu, o deməkdir ki, əgər vətəndaşın 50 min manat pulu varsa və onu 8 faizlə depozit kimi yerləşdirərsə, onun illik gəliri 4 min manat olacaq. Həmin vəsait bir bankda yerləşdirilərsə, o zaman 4 min manatlıq gəlirin 1600 manatı vergiyə cəlb olunacaq. Vergi güzəştindən tam istifadə etmək üçün daha məqsədəuyğun olar ki, vəsait bir deyil, iki bankda yerləşdirilsin. Belə olan halda 50 min manat pul hər biri 25 min manat olmaqla 8 faizlə 2 bankda yerləşdirilərsə vətəndaş gəlirindən heç bir vergi ödəməyəcək.

Vəsait daha böyük, məsələn, 100 min manat olarsa, o halda bir neçə bankda yerləşdirilə bilər. Bu, bir tərəfdən imkan verəcək ki, vətəndaş vergi güzəştindən tam istifadə etsin və hər hansı vergi ödəməsin, digər tərəfdən isə bank sektorunda təmərküzləşmə səviyyəsini azaldacaq. Bu isə o deməkdir ki, vəsaitiniz hətta böyük olduğu halda belə depozit gəlirlərinizin vergidən tam azad olunması mümkündür.

Ölkəmizdə film istehsalı üçün vergi güzəştlərinin tətbiqinə başlanılıb. “Vergi Məcəlləsi”nə edilən dəyişikliklərə əsasən, ölkəmizdə qeydiyyatdan keçən və film istehsalını, habelə dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi bu il yanvarın 1-dən etibarən vergidən azad olunub. Güzəştlər mikro sahibkarlıq subyekti olmayan müəssisələrə şamil olunmaqla yanaşı, növbəti 3 ildə qüvvədə olacaq. Bu güzəştlər sözügedən məcəllənin “Azadolmalar və güzəştlər” adlı 106-cı maddəsinə daxil edilib.

Bu güzəştlərin tətbiqi yerli film istehsalının dəstəklənməsi baxımdan vacibdir. Son illər bu sektorda müəyyən fəallıq müşahidə olunsa da, hələ də fundamental məhsulların təqdimatında çətinliklər müşahidə olunur. Yeni güzəştlər kinematoqrafiya müəssisələrinin gəlirlərini artırmaqla yanaşı, onlara reinvestisiya imkanları da yaradacaq. Bu isə film sənayesinin inkişafına müsbət təsir edəcək. Bununla yanaşı, bu sektorda vergi güzəştləri dairəsinin daha da genişləndirilməsi məqsədə uyğundur.

Xüsusən də kinematoqrafiya müəssisələrinin xərclərinin minimumlaşdıran güzəştlərin tətbiqinə ehtiyac var. Bu istiqamətdə müzakirələr davam etdiriləcək.

Cavid Əkbərov, “İki sahil”