12 yanvar 2024 12:02
733

Abonentlərin 47%-dən çoxu qaz limitini keçməyib

2023-cü ildə Azərbaycanda əhali sektorunda təbii qazla təmin olunan 1 milyon 199 min 375 abonent, yəni ümumilikdə abonentlərin 47,1 %-i 12 qəpik tarifi ilə qaz istifadəsi limitini keçməyib.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, ötən il ərzində 998 min 946 abonent, yəni ümumi abonentlərin 39,3 %-i 20 qəpik, 346 min 557 abonent isə (abonentlərin 13,6 %-i) 25 qəpik tarifi ilə qaz istifadə ediblər.

Qeyd edək ki, 2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.