Bakının Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
***
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb.
“İki sahil” xəbər verir ki, dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
***
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın tam söndürülüb.
Bu barədə "İki sahil"ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
***
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş yanğın-partlayış hadisəsinin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
FHN Mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, xilasedicilər tərəfindən dağıntı altından üç nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib, sexdə olan və yaxınlıqdakı vətəndaşların təxliyəsi həyata keçirilib.
Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş itləri cəlb olunmaqla axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Bakıda sexdəki partlayış-yanğında 24 nəfər xəsarət alıb.
Bu barədə "İki sahil"ə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki. Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 19 təcili yardım briqadası hadisə yerinə cəlb olunub.
Məlumata görə, xəsarət alanlardan 1 nəfərə yerində ilk tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.
Baş verən yanğın hadisəsində xəsarət alan 10 nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Xəstələr müştərək politravma, bədənin çoxsaylı yanıqları və sınıqları diaqnozları ilə xəstəxanaya yerləşdirilib.
14 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.
Hazırda xəsarət alanların hər birinə zəruri tibbi xidmətin göstərilməsi davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Bakıda sexdəki partlayış-yanğınla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin itləri cəlb olunub.
“İki sahil” xəbər verir ki, hazırda əraziyə gətirilən itlərin sayı 3-dür.
***
Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə partlayış-yanğın hadisəsinin nəticələrinin aradan qaldırılması ilə əlaqədar zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
“İki sahil” xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
***
Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.
“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
***
Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Dərhal hadisə yerinə15 təcili yardım briqadası cəlb olunub.
***
Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın başlayıb.
Bu barədə “İki sahil”ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.