20 yanvar 2024 01:58
528

Növbəti hədəf Qərbi Azərbaycana qayıdışdır

Beynəlxalq hüquqa əsaslanan Qayıdış Konsepsiyası ədalətin və sülhün bərqərar olunmasına xidmət edir

Biz qırx dörd günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək Qarabağa və Şərqi Zəngəzura qayıtdıq. Hazırda növbəti tarixi hədəfimiz əzəli torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışdır. Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə İcmanın yeni binasında görüşərkən bu mesajı verdi. Qərbi Azərbaycan İcmasının qarşısında mühüm vəzifələr qoydu. Bildirdi ki, icmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir: “Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün. Hesab edirəm ki, biz bu işi bundan sonra daha məqsədyönlü şəkildə aparmalıyıq. Yəni, təşkilat qurulub, İcma qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Əlavə göstərişlər mənim tərəfimdən veriləcəkdir”.

Hazırda dövlətimizin başçısının tapşırığı ilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü addımlar atılır. Qərbi Azərbaycana sülh yolu ilə qayıdış istiqamətində məqsədli, genişləndirilmiş və davamlı işlər görülür, əhəmiyyətli layihələr həyata keçirilir. Belə ki, icmanın təşəbbüsü ilə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müəyyən qərarlar qəbul olunub. Həmçinin Avropa İttifaqı səviyyəsində məsələ ilə bağlı müzakirələr aparılıb. İcma ötən iki əsr ərzində Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu ədalətsizliyin nəticələrini rədd edir. İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan edir.

Qərbi Azərbaycan İcmasının UNESCO-nun Baş direktoru Odri Azuleyə məktub ünvanlaması bunun əyani sübutudur. Məktubda Ermənistandakı azərbaycanlı mədəni irsinin vəziyyətinin monitorinqi üçün faktaraşdırıcı missiya göndərilməsi üçün xahiş edilir. Həmçinin təşkilat Ermənistanda azərbaycanlı mədəni irsinin qiymətləndirilməsi, bərpası, saxlanılması və mühafizəsi, Ermənistandan qovulmuş azərbaycanlıların öz mədəni irsindən istifadə etməyə dair mədəni hüquqlarının təmin edilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsində UNESCO ilə əməkdaşlığa hazırdır. Bir müddət əvvəl Birləşmiş Millətlər Təşkilatının katibliyinin Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT-nin Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayması soydaşlarımızın sülh yolu ilə öz doğma torpaqlarına qayıtması yolunda böyük uğurdur. Birmənalı demək olar ki, bu Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

Yeri gəlmişkən, sənəd indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtma hüququnun təmin edilməsi, qayıdışdan sonra onların fərdi və kollektiv hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının, mədəni-tarixi irsinin bərpası və qorunması məsələlərini əhatə edən Qayıdış Konsepsiyası BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan), adı çəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.

Qırx dörd günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan bu gün öz gücü ilə əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramını uğurla icra edir. Hazırda uzunmüddətli deportasiya siyasətinin qurbanı olmuş Qərbi Azərbaycandan olan soydaşlarımızın da doğma yurdlarına dönməsi istiqamətində ciddi iş aparılır. Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları bərpa olunsun.

Zahid Rza, “İki sahil”