26 yanvar 2024 23:36
899

SOCAR-ın prezidenti Rövşən Nəcəf üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramı çərçivəsində görüş keçirib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Emil Bəşirov və Fərid İsayevlə görüş keçirib. 

“İki sahil” xəbər verir ki, görüşdə Emil Bəşirovu və Fərid İsayevi üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri sırasında olmaları münasibətilə təbrik edən SOCAR prezidenti onların idarəetmə sahəsində təcrübələrinin artırılması istiqamətində fəaliyyətlərinin gedişatı ilə maraqlanıb. Layihənin idarəçi rəhbərlərindən biri olaraq birillik fərdi inkişaf planı əsasında təcrübəsini müsabiqə qalibləri ilə bölüşəcəyini vurğulayan Rövşən Nəcəf, eyni zamanda, onların Mentorluq proqramını yüksək səviyyədə həyata keçirmələri üçün SOCAR tərəfindən lazımi şəraitinyaradılacağını bildirib. 

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində Mentorluq proqramı çərçivəsində SOCAR-ın prezidentinə yaradılan imkana və səmimi qəbula görə təşəkkür ediblər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.