01 fevral 2024 17:58
367

İnternet telekommunikasiya xidməti sahəsində təhlil aparılıb

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkəmizdə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini aparıb. Təhlilin aparılmasında bir sıra beynəlxalq reytinq cədvəllərinin indikatorlarından istifadə edilməklə 60 sual araşdırılıb.

Agentlikdən “İki sahil”ə verilən xəbərə görə, təhlildə hər bir sual üzrə onun əhatə olunma vəziyyəti qiymətləndirilib və qiymətləndirilmədə istifadə olunmuş mənbələr göstərilib. Cədvəlin hazırlanmasında məqsəd ölkəmizdə internet telekommunikasiya xidməti sahəsinin tənzimləyici çərçivəsinin mövcud statusu barədə geniş auditoriyanın məlumatlandırılması və maarifləndirilməsində etibarlı mənbələrə əlçatanlığını təmin etməkdir. Təhlildən müvafiq predmet üzrə biznes bələdçisi kimi istifadə oluna bilər.

İKTA rəsmi saytında yerləşdirilən təhlil ətrafında təklif və müzakirələrə tam açıq olduğunu bəyan edir.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.