09 fevral 2024 02:37
633

Yer adlarının dəyişdirilməsi, Azərbaycan izlərinin silinməsi bütün zamanlarda Ermənistanın dövlət siyasəti olub

XVIII əsrin əvvəllərində, I Pyotrun dövründə Rusiyanın Xəzər hövzəsində bəzi əraziləri ələ keçirməsindən ermənilər öz məqsədləri üçün istifadə etdilər.  1724-cü il noyabrın 10-da I Pyotrun verdiyi fərmana əsasən, ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında yerləşməyə başlayırlar. Rusiya Asiyada maraqları kəsişən Böyük Britaniya və Fransa ilə birləşərək Osmanlı imperiyasının və türk dünyasının şöləsini söndürmək üçün erməniləri alətə çevirdi. Rus hökumətinin razılığı və erməni kilsəsinin təşkilatçılığı ilə Xəzər dənizinin Azərbaycan torpaqlarına on minlərlə erməni köçürüldü. 1813-cü il 12 oktyabr tarixində Rusiya imperiyası ilə Qacarlar dövləti arasında indiki Goranboy rayonu ərazisindəki Gülüstan kəndində müqavilə imzalandı. Azərbaycan torpaqlarını iki yerə bölən həmin müqavilənin mətnini Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi Qor Ousli hazırlamışdı. İmzalayanlar isə Nikolay Rtişev və Mirzə Əbülhəsən xan oldu. Bu, həm də Rusiya imperiyası ilə Qacarlar dövləti arasında imzalanmış və tarixi Azərbaycanın ərazisini Rusiya ilə İran arasında bölən birinci müqavilədir. Bu müqavilədən sonra tarixi Azərbaycan torpaqları iki dövlət arasında bölüşdürüldü.

1826-cı ildə iki dövlət arasında münasibətlər yenidən kəskinləşdi. İkinci Rusiya-İran müharibəsi başlandı. Lakin bu savaş uzun sürmədi. Bu dəfə də qalib tərəf Rusiya oldu. 1828-ci il fevralın 10-da İngiltərənin səfiri MakDonaldın vasitəçiliyi ilə Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalandı. Bununla da Azərbaycanın işğalı başa çatdı. Müqavilənin 15-ci maddəsinə əsasən, erməni əhalisinin İrandan Cənubi Qafqaza hərəkətinə icazə verildi.

1828-ci ildə Şimali Azərbaycanın   tamamilə Rusiya imperiyasının tərkibinə daxil edilməsindən sonra Arazdan cənubda yerləşən ərazilərdən (Xoy, Salmas, Maku, Urmiya və s.)  ermənilərin sistemli şəkildə Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürülməsinə başlanıldı. Eyni zamanda, bu vilayətlərə ermənilər Osmanlı ərazisindən də köçürülürdü. Rus imperatoru I Nikolayın 21 mart 1828-ci il tarixli fərmanına görə,  Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları ləğv olundu, onların yerində rus hakimləri tərəfindən idarə olunan “İrəvan vilayəti” adlanan yeni inzibati qurum yaradıldı. 1849-cu ildə bu mahal İrəvan quberniyası adlandırıldı.

Yeri gəlmişkən, Gülüstan müqaviləsindən fərqli olaraq, Türkmənçay müqaviləsinin ağır şərtləri daha tez reallaşdı. Yeni işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları “erməni vilayətləri” elan edildi. Halbuki qədim İrəvan torpaqları lap qədimdən türk-müsəlman yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm dayanmışdı. Maraqlıdır ki, inzibati-ərazi vahidində- “Erməni vilayəti”nin ərazisinə daxil edilən 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı ki, onlardan da yalnız 14-nün adı erməni mənşəli idi.

Rus müəllifi S.Qlinka  1828-ci ildə  cənubdan 40 min nəfər erməninin  Naxçıvan, İrəvan və Qarabağa köçürüldüyünü bildirirdi. 1880-ci ildə tərtib olunmuş statistik məlumatlara əsasən, İrəvan quberniyasının İrəvan qəzasında azərbaycanlıların sayı 46426 nəfərə, ermənilərin sayı 29784 nəfərə bərabər idisə, Sürməli qəzasında azərbaycanlıların və ermənilərin sayı müvafiq olaraq 29800 və 18096, Şərur-Dərələyəz qəzasında isə 38776 və 12532 nəfərə bərabər idi.   Göründüyü kimi, rus hökumətinin on illərlə davam edən köçürmə, erməniləri himayə siyasətinə baxmayaraq, İrəvan da daxil olmaqla tarixi Azərbaycan torpaqlarında azərbaycanlılar ermənilərə münasibətdə XIX əsrin 80-ci illərinə qədər üstünlük təşkil edirdilər.

Barbar ermənilər Qərbi Azərbaycana köçürüldükdən sonra qısa müddətdə azərbaycanlılara məxsus yaşayış məskənlərinin, bütövlükdə toponimlərin, oronimlərin, yer adlarını, dağların, çayların adlarını dəyişdilər. İrəvanda yazlnız Göy Məscid istisna olmaqla Azərbaycanın bütün dini abidələri ermənilər tərəfindən məhv edildi. Bəzi kəndlər tamamilə silindi, əhalisi köçürüldü. Bəzi kənd və qəsəbələrin adları ermənilər bu ərazilərə köçürüldükdən sonra, bəziləri azərbaycanlıların yaşadığı vaxtlarda, bəziləri isə azərbaycanlıların bu ərazilərdən tamamilə deportasiyasından sonra dəyişdirildi. Toponimlərlə yanaşı, minlərlə mikrotoponimin (körpü, bulaq, küçə, meşə, dağ, çay və s.) adı da dəyişdirildi. Mütəxəssislərin bildirdiyinə görə, İrəvan şəhərinin adı da daxil olmaqla, ümumilikdə təxminən 7-8 min toponimin adı dəyişdirildi.

Qərbi Azərbaycanda yer adlarının dəyişdirilməsi, izlərinin silinməsi Ermənistanın dövlət siyasəti olub. Qərbi Azərbaycanda yer adlarının dəyişdirilməsi prosesi bu gün də davam etdirilir. Amma erməni vandalları nə qədər çalışsalar da yer-yurd adlarının dəyişdirilməsi ilə bağlı cinayətkar əməllərini ört-basdır edə bilmirlər. Bu barədə olan çoxlu sayda mənbələr, tarixi sənədlər buna imkan vermir. 1886-cı ildə E. Kondratenkonun redaktorluğu altında tərtib olunmuş İrəvan quberniyasının xəritəsində göstərilən toponimlərin Azərbaycan dilində olması da bunun əyani təsdiqidr. Qiymətli tarixi mənbə olan bu xəritəyə baxdıqda oradakı toponimlərin Azərbaycanca göstərilməsi faktı, Qərbi Azərbaycan-indiki Ermənistan ərazisinin qədim və yerli sakinlərinin azərbaycanlılardan ibarət olması bir daha öz təsdiqini tapmış olur.

Ölkəmizin başçısı dəfələrlə bildirib ki, Ermənistan ərazisində tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin adları dəyişdirilib: “Bu adlar neçənci ildə dəyişdirilib? Ona görə biz deyəndə ki, indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb, tam həqiqəti deyirik. Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər, Rusiya-İran müharibəsindən sonra”.

Zahid Rza, “İki sahil”