12 fevral 2024 16:30
396

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 12 il ötür

Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il fevralın 13-də imzaladığı fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

“İki sahil” xəbər verir ki, Xidmət yaradıldığı gündən fəaliyyət istiqamətinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, Xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və digər sahələrdə nailiyyətlər qazanıb.

Azərbaycan Prezidentinin vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq sərəncamlarının icrasının təmin edilməsi məqsədilə çağırış yaşlı vətəndaşların qanuna müvafiq qaydada çağırışa cəlb edilməsi və xidmət keçmək üçün təyin olunduqları hərbi hissələrə təhvil verilməsi Xidmət tərəfindən uğurla həyata keçirilir.

44 günlük Vətən müharibəsi zamanı təsdiq edilmiş plana uyğun olaraq ehtiyatda olan hərbi vəzifəlilərin Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunması, Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi-nəqliyyat vasitələri ilə təmin olunması müvəffəqiyyətlə icra edilib.

Dövlət Xidməti hər zaman şəhid ailələrinə, müharibə veteranlarına, onların müraciətlərinə həssaslıqla yanaşır. Belə ki, Xidmətin şəxsi heyətinin komplektləşdirilməsi zamanı bilik və fiziki hazırlığın yoxlanılması prosesini uğurla keçən 21 nəfər Vətən müharibəsi iştirakçısı işə qəbul edilərək Xidmət rəisi tərəfindən onlara xidməti vəsiqələri təqdim olunub.