15 fevral 2024 13:17
720

Transformasiyanı sürətləndirmək məqsədilə xarici şirkətlə tərəfdaşlığa başlamışıq - SOCAR-ın vitse-prezidenti

SOCAR Azərbaycanda ölkə üzrə dekarbonizasiya fəaliyyətinin əsas aparıcı qüvvəsi kimi öz rolunu başa düşür. Bizim məramımız SOCAR-ı əlverişli, təhlükəsiz və dayanıqlı enerji təchizatçısı olan milli enerji şirkətinə çevirməkdir.

“İki sahil”  AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Davamlı iqtisadiyyat üçün strateji hədəflər” mövzusunda keçirilən forumun “Yaşıl artım: yaşıl iqtisadiyyata keçid üzrə qlobal çağırışlar və vergilərin rolu” adlı sessiyada deyib.

O bildirib ki, SOCAR bu gün transformasiya prosesinin başlanğıcında olan, neft-qaz dəyər zəncirindəki əməliyyatları ilə fəaliyyət göstərən milli neft şirkətidir, həmçinin 2035-ci ilədək karbohidrogen və aşağı karbonlu bizneslərin şaxələndirilmiş portfelinə və qlobal enerji liderləri ilə bərabər emissiya profilinə malik aparıcı milli enerji şirkətidir.

“SOCAR-ın dekarbonizasiya proqramı 2050-ci ilədək emissiyaları “xalis sıfır”a çatdırmağı hədəfləyir. Məqsədlərimizə çatmaq üçün SOCAR öz daxili imkanlarından istifadə edir - dekarbonizasiya, yeni bizneslərin fəaliyyətə başlaması və təşkilati transformasiya. SOCAR-ın fəaliyyət göstərdiyi əsas coğrafiyalarda əməliyyatların tammiqyaslı dekarbonizasiyası proqramına artıq başlanılıb. Şirkətin fəaliyyətində və strukturunda qarşıya qoyulan məqsədlərin reallaşdırılması üçün dəyişikliklər: dekarbonizasiya və yeni bizneslərin inkişaf etdirilməsinə yönəlmiş yeni prosedurlar, alətlər və təşkilati vahidlərdir”, - deyə Əfqan İsayev vurğulayıb.

Vitse-prezidentin sözlərinə görə, aparıcı qlobal şirkətlərlə tərəfdaşlıq çərçivəsində yeni bizneslərin qurulması - bərpa olunan enerji, yaşıl hidrogen və Azərbaycanın spesifik ərazilərinin inkişafının dəstəklənməsi üçün yeni texnologiyalar tətbiq edilir: “SOCAR aparıcı qlobal şirkətlərlə birgə Azərbaycanda həyata keçirilən irimiqyaslı bərpa olunan enerji və "yaşıl hidrogen" layihələrində iştirak edir. Bərpa olunan enerji layihələrindən əlavə SOCAR Qarabağ və Şərqi Zəngəzur regionlarının karbon neytrallığı zonasına çevrilməsi prosesində də iştirak edəcək. SOCAR-ın transformasiyasını sürətləndirmək məqsədilə, BCG şirkəti ilə birgə iddialı "C&S LightHouse" tərəfdaşlığına başlamışıq. Qeyd edim ki, "C&S LightHouse" iqlim dəyişmələrinə müsbət təsir göstərmək və bu sənaye sektorunda liderlik üçün yaradılmış iki illik tərəfdaşlıq proqramıdır”.