16 fevral 2024 11:44
757

İbrahim Kərbalayev: Yanvarda “Azəriqaz”a 2 minə yaxın müraciət daxil olub

Bu ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 1 971 müraciət daxil olub.

“Report” xəbər verir ki, bunu “Azəriqaz”ın Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Şöbə rəisinin sözlərinə görə, bunlardan 512 müraciət “Opentext” elektron sənəd dövriyyəsi proqramı vasitəsilə daxil olub: “Bu müraciətlər elektron formada sistemə yüklənir və həmin müraciətlərin cavablandırılması, o cümlədən rəhbər və məsul şəxslərdən imzaların toplanması operativ həll olunur. “Opentext” proqramı vasitəsilə daxil olan müraciətlərin sayı 2023-cü ilin yanvar ayı ilə müqayisədə 82 müraciət azdır”.

İ. Kərbalayev bildirib ki, daha 1 459 müraciət elektron formada daxil olub.

O qeyd edib ki, daxil olan müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin, kənd və qəsəbələrin qazlaşdırılması, sayğacların quraşdırılması, həmçinin qaz xəttinin və ya qaz sayğacının yerinin dəyişdirilməsi və sair məsələlərlə bağlı olub: “Daxil olan bütün məsələlər şöbə tərəfindən araşdırılır və cavablandırılması həyata keçirilib”.