20 fevral 2024 14:58
516

Çıxarışla təmin olunmuş hazır binadan mənzil alın - EKSPERT/ÖZƏL

Son 3 ildə daşınmaz əmlakın qiyməti təxminən 30%-ə yaxın artıb

Son 3 il ərzində qiymətlərdə kəskin artım müşahidə olundu. Düzdür, bu proses pandemiyadan sonrakı dövrdə bütün dünyada qeydə alındı. Lakin bizdə buna həm də inflyasiyanın baş verməsi səbəb olmuşdu. Eyni vəziyyət bundan əvvəl 2006-cı ildə də baş vermişdi. Belə ki, armaturun qiyməti 600-dən 1000 manata kimi bahalaşmışdı. Həmin dövrdə də inflyasiya vardı. Məsələ ilə bağlı ikinci tarixi hadisə isə 2020-ci ildə işğaldan azad olanan ərazilərdə tikinti işlərinin artıq kütləvi şəkildə başlaması ilə oldu. Armaturun qiymətinin artması ilə paralel digər inşaat materiallarının qiyməti kəskin bahalaşdı. Təxminən 1 il əvvəl isə Rusiyada rublun dəyərinin yüksəlməsi taxta materiallarının qiymətinin artmasına səbəb oldu. Bu isə ölkəmizdə ilk növbədə inşaat bazarlarına, daha sonra ümumi daşınmaz əmlakın qiymətinə təsir etdi. Birinci tikinti şirkətləri qiymətləri qaldırmağa başladılar. Orta hesabla son 3 ildə təxminən daşınmaz əmlakın qiyməti 30%-ə yaxın qalxıb. 

Bu sözləri “İki sahil”ə açıqlamasında əmlak eksperti Elnur Azadov deyib.

O bildirib ki, hazırda bu bazarda rəqabət elə də güclü deyil: “İnşaat həcminin 2024-cü ildə də artması gözlənilmir. Bu baxımdan tikinti şirkətləri tərəfindən qiymət artımı qaçılmazdır. Düşünürəm ki, bu, il ərzində ən azı 10% qiymət artımına səbəb ola bilər. Bu gün şəhərətrafındakı mənzillərə tələbat artıb. Səbəbi vətəndaşların gəlirinin bir o qədər artmamasıdır. Lakin daşınmaz əmlaka tələbat çoxalıb. Üstəlik, bir çox vətəndaşlar ipoteka kreditlərinə əl atırlar ki, daşınmaz əmlakı vaxtında əldə etsinlər. Vətəndaşların yığım kapitalı azaldığına görə ipotekalara daha çox üstünlük verirlər. Eyni zamanda bünövrədən olan binalardan da mənzil alışı üçün müraciətlər çoxdur. Çünki belə mənzillərin ilk növbədə qiyməti nisbətən ucuz olur, hissəli ödəniş imkanları var. İstənilən mərtəbədən də mənzil seçim imkanları geniş olur. Bu məsələnin mənfi tərəfləri və riskləri də təbii ki, çoxdur. Belə ki, binanın gec və yaxud ümumiyyətlə inşa olunmamaq təhlükəsi var. Həmçinin, mənzilin sahə məsələsi var ki, adətən tikinti şirkəti müqavilə üzrə satdığı mənzillə naturada əmələ gələn çöl və iç divarları çıxmaqla ən az 15% məsələdə fərq edir. Bilinmir ki, şirkət tikinti zamanı hansı pəncərələrdən, materiallardan istifadə edəcək, binaya qoşulacaq lift hansı firmanın olacaq və s. Bir sözlə, tikinti bu məsələdə bəzən qanunazidd hərəkətlər edir. Müqavilə tərtibatında da boşluqlar çox olur və tikinti şirkətləri müəyyən öhdəlikləri düzgün həyata keçirmir. Ona görə də, hüquqşünaslar və ekspertlər çıxarışla təmin olunmuş hazır binadan mənzil almağı tövsiyə edirlər. Yaxud çıxarışla təmin olunmasa belə, konstruksiya hissələri bitmiş binalarda natura şəkildə baxandan sonra almaq tövsiyə olunur. Mənzil alarkən müqavilə tərtibatına diqqət etmək lazımdır. Ödənişi isə mütləq şəkildə şirkətin hesabına köçürmək lazımdır. Çünki burada gələcəkdə ƏDV-dən ödənişin 18%-nin geridönüş məsələsi var. O da az məbləğ deyil. Həmçinin, müqavilə olduğu kimi imzalanmamalıdır. Əgər sənəddə müəyyən dəyişikliklərə ehtiyac varsa, mütləq lazımi şəkildə tərtib olunandan sonra imzalanmalıdır. Həmçinin, xidmət haqqı qeydləri və təhvil-təslim şərtləri burada öz əksini tapmalıdır”.

Sayalı Abasova, “İki sahil”