21 fevral 2024 01:58
523

Ordu quruculuğu: İslahatlar kompleks xarakter daşıyır

Ordu dövlətin təməl prinsiplərindən biri, təhlükəsizliyin əsas təminatçısıdır. Ölkə Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müstəqil dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da uğurla həyata  keçirilən siyasəti nəticəsində Azərbaycan Ordusu təkcə bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasında özünə layiqli yer tutub.

Prezident İlham Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumunun yüksək səviyyədə olmasıdır. Bu yöndə aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, hazırda Azərbaycan xalqı möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, hər an düşmənə sarsıdıcı zərbələr vurmağa qadir ordusu ilə qürur duyur.

Azərbaycan hərbi potensialını genişləndirmək üçün özünün sürətlə artan iqtisadi imkanlarından hərtərəfli şəkildə bəhrələnir və bu iş lazımi səviyyədə həyata keçirilir. Bu gün ən müasir, daha yüksək dəqiqliyə malik olan silahlar alınır və orduda müasirləşmə prosesi daim aparılır. Bütün bunlarla yanaşı, Azərbaycanda hərbi sənaye də çox sürətlə inkişaf edir. Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Artıq Müdafiə Sənayesi Nazirliyində müxtəlif hərbi təyinatlı silah-sursat istehsal olunur.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində bildirib ki, indi yeni dövr başlayıb və biz xalq olaraq bu mərhələyə alnıaçıq, başlıca şəkildə daxil oluruq. Əsas hədəfimiz isə güclü Azərbaycandır.

Belə bir şəraitdə Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması dövrün tələbidir. Çünki müasir savaşlar əvvəlkilərdən xeyli fərqlənir. Buna görə də bir çox ölkələr hərbi sahəyə daha çox diqqət ayırmağa başlayıblar. Onların müdafiə doktrinalarında, büdcə xərclərində də bunu əyani şəkildə görmək olur. Biz isə 20 ildən çoxdur ki, bu istiqamətdə fəal fəaliyyət göstəririk. Dövlət başçımızın da vurğuladığı kimi, əldə etdiyimiz döyüş təcrübəsi əvəzolunmazdır. Çünki bizim ordumuz döyüş meydanında öz gücünü göstərib. Üstəlik, əldə olunan ardıcıl zəfərlərdən sonra ordumuzda mənəvi ruh çox yüksəkdir. Bütün bunların nəticəsində də biz güclü hərbi sənaye kompleksi yaradırıq, artıq bunun birinci mərhələsi başa çatıb. İkinci dövr isə daha genişmiqyaslı olacaq. Təkcə cari il ərzində bu sahədə həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı bir milyard manat sərmayə qoyulacaq və biz özümüzü böyük həcmdə silah-sursatla, texnika ilə təmin edəcəyik.

Bununla belə, bizim hərbi sahədə əməkdaşlıq etdiyimiz dövlətlər var. Məsələn, qardaş ölkə Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Vətən müharibəsi başa çatdıqdan sonra Ali Baş Komandan ordunun Türkiyə (NATO) ordu modelinə keçməsi barədə bəyanat verdi və qısa müddətdə müxtəlif bölgələrdə yeni komando hissələri yaradılmağa başlandı. Türkiyədə tətbiq olunan komando briqada və birliklərin təcrübəsi Azərbaycanda tətbiq edildi. Azərbaycan da Ankaranın təcrübəsindən yararlanır. Məsələn, "TEKNOFEST" iki ölkənin bu sahədə inkişafını nümayiş etdirən möhtəşəm hadisədir. Festival Türkiyə ilə sarsılmaz və əbədi əlaqələrin yeni, daha yüksək mərhələyə qədəm qoymasının, hər iki dövlətin ildən-ilə artan nüfuzunun, elmi-texniki potensialın və hərbi qüdrətin rəmzidir. Ötən il aprelin 29-da İstanbulda keçirilən "TEKNOFEST"də çıxış edən Prezident İlham Əliyev bildirmişdi ki, yaxın gələcəkdə ölkəmizdə "Bayraktar" mərkəzi yaradılacaq, eləcə də "Kızılelma" səmamızda nümayiş olunacaq. Hazırda atılan əməli addımlar da sübut edir ki, bu istiqamət üzrə işlər aparılır. Artıq Azərbaycan Türkiyədən yeni "Akıncı" hücum pilotsuz uçuş aparatlarını alıb. Fevralın 9-da isə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar və hücum PUA-larının uçuşunu izləyiblər. Bununla Azərbaycan özünün müdafiə qabiliyyətini artırmaq üçün qabaqcıl hərbi texnika, təlim və texnologiyaya sərmayə qoyub. Ölkəmizin Türkiyə təcrübəsindən faydalanması ordumuzun hərbi hazırlığını və NATO qüvvələri ilə qarşılıqlı fəaliyyət qabiliyyətini gücləndirir, regional sabitliyə və təhlükəsizliyə töhfə verir.

Bəli, 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmiz, antiterror tədbirləri zamanı nümayiş etdirilən effektiv operativlik və peşəkarlıq bizi arxayınlaşdırmır. Bütövlükdə, orduda islahatlar kompleks xarakter daşıyır.

Nigar Orucova, “İki sahil”