21 fevral 2024 13:24
304

Sumqayıtın məşhur güləş zalı əsaslı təmir edilib - VİDEO

Azərbaycan Güləş Federasiyasının bu idman növünün inkişafı üçün atdığı addımlardan biri də yerlərdə maddi-texniki bazanı yaxşılaşdırmaqdan ibarətdir.

“İki sahil” xəbər verir ki,  bu çərçivədə görülən işlərdən biri də Sumqayıt şəhərində yerləşən “Alüminiumçu” İdman Evinin əsaslı təmiridir. Belə ki, ötən ilin iyun ayından bərpa prosesinə startı verilən güləş mərkəzində idman zalı, məşqçi otaqları və sanitar qovşaq əsaslı təmir edilib. Eyni zamanda, arenada müasir standartlara cavab verən 2 dəst güləş xalçası yerləşdirilib. Beləliklə, “Alüminiumçu” İdman Evində yüksək səviyyədə təlim-məşq proseslərinin keçirilməsi üçün lazımi şərait yaradılıb. 

Güləş mərkəzinin əsaslı təmirindən sonra ilk məşq baş tutub. Hazırlıq prosesindən öncə Gənclər və İdman Nazirliyinin sektor müdiri Yaşar Rzayev, AGF-nin baş katibi Nəsimi Musayev, Abşeron-Xızı Regional Gənclər və İdman idarəsinin  müavini Rüfət Mahmudzadə, “Alüminiumçu” İdman evinin direktörü Kənan Quliyev, AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev, milli komandalarımızın məşqçiləri Nurəddin Rəcəbov, Emin Əhmədov, Rövşən Hacıyev, Əbilfət Məmmədov və güləş ictimaiyyətinin digər nümayəndələri iştirak edib. Adıçəkilənlər öz çıxışlarında Azərbaycan güləşinə böyük töhfə vermiş bu məkanın təmirinin ölkəmizdə bu idman növünün inkişafına təkan verəcəyini bildiriblər və güləşçilərə uğurlar arzulayıblar.

Qeyd edək ki, “Alüminiumçu” İdman Evində Rövşən Hacıyev, Kənan Quliyev, Emin Bəşirov, Ruslan Eminov, Seymur Qasımov, Nurəddin Rəcəbov, Hüsaməddin Rəcəbov, Elnur Aslanov, Arif Mehdiyev, Ümid Məmmədov, Etibar Qurbanov, Nofəl Babayev, Ceyhun Əliyev, Hüseyn Abbasov, İslam Abbasov və Murad Məmmədov kimi Avropa və dünya arenalarında medallar qazanmış güləşçilər yetişib və yetişməkdədir.