13 iyun 2026 17:30
133

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş keçirilib

İyunun 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, Ulusal Birlik Partiyasının (UBP) Sədri Ünal Üstelin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında ortaq dəyərlərə və müştərək maraqlara əsaslanan əlaqələrin gücləndirilməsi istiqamətində səmərəli fəaliyyətin həyata keçirildiyi qeyd olunub.

Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikri xatırladılaraq Azərbaycanın türk dövlətləri arasında işbirliyinin dərinləşdirilməsinə önəmli töhfələr verdiyi vurğulanıb.

Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv statusunda qəbul olunmasında Azərbaycan Prezidentinin müstəsna rolu vurğulanaraq TDT-nin müasir beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi istiqamətində atılan addımların strateji önəmi nəzərə çatdırılıb.

Görüş əsnasında 2023-cü ilin noyabrın 14-də Yeni Azərbaycan Partiyası, Türkiyənin Ədalət və İnkişaf Partiyası və Ulusal Birlik Partiyası arasında imzalanmış üçtərəfli Anlaşma Memorandumundan irəli gələn vəzifələrin indiyədək uğurla icra olunduğu məmnunluqla qeyd olunub.

Hakim siyasi partiyalar arasında əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə olunduğu görüşdə qarşılıqlı maraq doğuran digər bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.