21 fevral 2024 14:00
410

Azərbaycanla Türkiyə arasında iqtisadi münasibətlərdə yüksəliş təmin edilir - EKSPERT/ÖZƏL

Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri yeni istiqamətlər üzrə inkişafı davam edir. Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsi, bu əlaqələrin hər iki ölkə üçün böyük əhəmiyyəti ilə şərtlənir. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan məsələlərdir. Təsadüfi deyil ki, iki qardaş ölkə arasında ticarət dövriyyəsinin sürətlə artaraq 7,5 milyard dollara çatması münasibətlərimizin hazırkı səviyyəsinin aydın mənzərəsini yaradır. Hədəf isə bu rəqəmin 15 milyard dollara çatdırmaqdır. 

Mövzu ilə bağlı “İki sahil”ə danışan iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi getdikcə artmaqdadır: “Bununla bağlı Preferensial Ticarət Sazişi imzalanmışdır. Bu sazişə daxil olan məhsullar sonrakı illərdə sayı artılmışdır. Hesab edirəm ki, getdikcə hədəf olaraq ticarət dövriyyəsinin 15 milyarda çatdırılması nəzərdə tutulurdu. Artıq hədəfin yarısına qədər Azərbaycan və Türkiyə nail olub. Zənnimcə qarşıdakı dönəmdə də proseslərin bu istiqamətdə davam etməsi birmənalı olaraq son məqsədlərə nail olmağa imkan verəcəkdir.”

Ekspert vurğuladı ki, Ankarada ölkə Prezidenti İlham Əliyev mətbuata bəyanata çıxışı zamanı iki qardaş ölkənin təşəbbüsü ilə reallığa çevrilən Bakı-Tbilisi-Qars dəmir yolunun yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırması üçün bu ilin ortalarında tam istismara veriləcəyini bildirdi: “Bunu bilavasitə Azərbaycanın Türkiyəyə ixrac etdiyi resurslar və Türkiyədən Azərbaycana idxal olunan qeyri-neft sektoruna aid, xüsusilə də idxalda təminatımızı ödəyən bir çox məhsullar, o cümlədən də Bakı-Tbilisi-Qars dəmiryolunun potensial imkanlarının genişləndirilməsi nəticədə ticarət dövriyyəsinə də öz töhfəsini vermiş olacaqdır. Əlavə olaraq da işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən fəaliyyətdə ticarət dövriyyəsinin artımında müstəsna rol oynayır. Yəni, bir çox istiqamətlər var ki, bu istiqamətlər iki ölkə arasında siyasi münasibətlərdə olduğu kimi iqtisadi münasibətlərdə də yüksəlişi təmin edir.”

Orxan Vahidoğlu, “İki sahil”