21 fevral 2024 16:51
580

İnternetə ifrat aludəçilik ailələrdə valideyn-övlad münasibətlərini zədələyib - EKSPERTDƏN XƏBƏRDARLIQ

Uşaqların sosial şəbəkədən asılılığının qarşısını məktəb, müəllim deyil, valideyn almalıdır

İnsanın formalaşması, tərbiyə alması təhsil müəssisəsindən öncə ailədən başlayır. Çünki ailə insanın təməlini qoyan, formalaşdıran bir başlanğıcdır. Yəni, hər şey ailədən başlayır. Biz baş verən bütün hadisələrdə məsuliyyəti məktəbin, təhsil müəssisəsinin üzərinə ata bilmərik. Nəzərə almalıyıq ki, ailə hər şeydir, insan ailədə formalaşır, tərbiyə alır, ondan sonra müəyyən müəssisədə həyat təcrübələrinə yiyələnir, formalaşır, ondan sonrakı etap təbii ki, təhsil müəssisəsidir. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında klinik psixoloq Vəfa Rəşidova Demir söyləyib.

 

Klinik psixoloq diqqətə çatdırdır ki, uşaqların sosial şəbəkəyə aludə olması əsrin bəlasıdır. Amma, 2024-cü ili internetsiz və sosial şəbəkəsiz təsəvvür etmək mümkün deyil. Çünki artıq bütün dünyada texnoloji vasitələr, sosial şəbəkələr həyatın ayrılmaz parçasına çevrilib. 

Ekspertin sözlərinə görə, hər bir valideyn öz övladını idarə etməlidir. Yəni, internetdən istifadə etmək saatları müəyyənləşdirilməli, diqqətlə nəzarət olunmalıdır. Aşırı dərəcədə aludəçiliyə yol verilməməlidir. Bu da təbii ki, valideynlərdən asılıdır. Uşaqlar saatlarla kompyuter, planşet ya da telefon qarşısında nəzarətsiz qoymaq  mənfi nəticələrə səbəb olur. Belə olan halda uşaqların beyni lazımsız informasiyalarla yüklənir. Diqqət etmək lazımdır ki, uşaqlar sosial şəbəkələrin aludəçisi olmasınlar. Bunun üçün isə valideyn nəzarəti önəmlidir. Uşaqların sosial şəbəkədən asılılığının qarşısını məktəb, müəllim deyil, valideyn almalıdır. Təəssüf ki, internetə ifrat aludəçilik bu gün ailələrdə valideyn-övlad münasibətlərini zədələyib.

Psixoloqun sözlərinə görə, yeniyetməlik yaş dövrünə qədər  uşaqlar telefondan çox istifadə etməməlidir ki, sonradan sosial şəbəkələrə maraq artmasın: “Valideynlərin uşaqlarına  bahalı telefon alması onlarda maraq yaradır. Ona görə də uşaqlarda belə üsullarla telefona qarşı “sevgi” yaratmaq doğru deyil.”

Yaqut Ağaşahqızı, “İki sahil”