25 fevral 2024 14:05
404

Azərbaycan - Türkiyə qardaşlığı sarsılmazdır

Bu ilin fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Azərbaycan-Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər. Prezident  İlham Əliyev öz çıxışında bildirib ki, hər dəfə Türkiyədə olarkən qardaş ölkədə gedən genişmiqyaslı inkişaf prosesini izləyirəm. Buna çox sevinirəm və bir daha görürəm ki, əziz qardaşımın səyləri nəticəsində qardaş ölkə yeni zirvələri fəth edir. Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Təbii ki, Azərbaycan Sizin uğurlarınıza öz uğurları kimi sevinir. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarında əziz qardaşımın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik.

Hazırda Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 7,5 milyard dollardır. Tərəflər qarşıya bu rəqəmi 15 milyard dollara çatdırmağı məqsəd qoyublar. Ticarət dövriyyəsinin artması hər iki ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına və iqtisadiyyatın böyüməsinə təsir göstərir.

Türkiyədən Naxçıvana təbii qazın nəqli üçün boru xətti və dəmir yolunun çəkilməsi məsələsinə baxılıb. Nəqliyyat və tranzit sahəsində əməkdaşlıq hər iki ölkəyə Asiya ilə Avropa arasında nəqliyyat dəhlizi olmaq imkanı verir. Nəqliyyat dəhlizi imkanı dövlətlərə tranzit gəlirlərlə yanaşı, həm də siyasi dividend də qazandırır. Türk Dövlətləri Təşkilatının dövlət başçıları səviyyəsində növbəti toplantısının işğaldan azad olunan Şuşa şəhərində bu ilin iyununda keçirilməsi türk dövlətlərinin Azərbaycana verdiyi siyasi dəstəyi göstərir. Türkiyə regionda davamlı sülhün təmin olunmasına çalışan Azərbaycana hər zaman dəstək verəcək. Türkiyə həm diplomatik, həm də hərbi sahədə Azərbaycanı dəstəkləyir. Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti iki ölkə arasında ticarət dövriyyəsinin həcmini artırmaqla yanaşı, beynəlxalq yükdaşımaların da həyata keçirilməsində əhəmiyyətli rol oynayacaq.

İsmayıl İbrahimov,

YAP Hacıqabul rayon təşkilatının sədri