27 fevral 2024 12:53
351

Bakıda “EKO Səfir qızlar” proqramının ictimai təqdimatı keçirilib FOTO

Təhsil sahəsində ixtisaslaşmış “Resource HUB”ın təşkilati dəstəyi ilə Bakıda “Eko Səfir qızlar” proqramının ictimai təqdimatı keçirilib.

“İki sahil” xəbər verir ki,  proqramın məqsədi Quba, Qusar, Bərdə, Ağdam və Mingəçevirdən olan 55 nəfər gənc qızın ətraf mühit səfirləri kimi formalaşdırmaq və ekoloji maarifləndirməni təşviq etməkdən ibarətdir.

Quba və Bərdə regional ASAN xidmət mərkəzlərində baş tutan ekoloji və sosial sahələrin idarəolunması ilə bağlı intensiv təlimlərin yekununda iştirakçılar komandalar şəklində birləşərək öz icmalarında ekoloji problemlərin həllinə yönəlmiş 11 ekoloji-sosial təşəbbüs icra ediblər.

Paralel olaraq, komandalara təşəbbüsləri həyata keçirmək üçün müxtəlif regionlardan seçilmiş gənclər sahəsi üzrə əməkdaş və müəllimlərdən ibarət 10 nəfərdən ibarət qrup iştirakçılara mentor dəstəyi göstərib.

İctimai təqdimat mərasimində millət vəkilləri, Ekologiya və Təbii Sərvətlər nazirliyi yanında İctimai Şuranın, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri, özəl sektor və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Proqram iştirakçılarına uğurlar arzulayan Resource HUB-ın direktoru Gülnara İsmailova ekoloji mövzuda bu cür əhəmiyyətli layihənin təşkilatçısı olmaqdan qürur duyduğunu və “Eko səfir qızlar” proqramının ölkəmizdə COP29 kimi tədbirin keçirildiyi ilə təsadüf etməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“Eko səfir qızlar” proqramının koordinatorları Fidan Dərgahlı və Rezida Rzayeva öz çıxışlarında iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini xüsusi qeyd edərək regionlarda həyata keçirilən təşəbbüslərin bu prosesə töhfə verəcəyini bildirbilər.

Tədbirdə çıxış edən millət vəkilləri Müşfiq Cəfərov və Razi Nurullayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Rövşən Abbasov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun əməkdaşı, Yaşıl ASAN proqramının rəhbəri Rza Mirzəzadə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilüfər Rəhimova və ABŞ-ın ölkəmizdəki səfirliyinin məzunlar üzrə koordinatoru Lamiyə Korçiyeva ekoloji təşəbbüslərin dəstəklənməsinin zəruriliyini qeyd edərək layihədə iştirak edən qızlara bu sahədə gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.

İctimai təqdimat iştirakçılara sertifikatların təqdim olunması və A.Zeynallı adına musiqi məktəbinin məzunlarının ifası ilə başa çatıb.

Qeyd edək ki, ABŞ təhsilli məzunları tərəfindən dizayn olunan “Eko səfir qızlar” proqramı Resource HUB-ın təşkilati dəstəyi və ASAN Könüllüləri Təşkilatının əməkdaşlığı ilə həyata keçirilib.