Polkovnik Cəlil Xəlilov Bakı Sağlamlıq Mərkəzində müalicə alan İkinci Dünya müharibəsi veteranı Anna Xarkovskaya baş çəkib
“İki sahil” xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Bakı Sağlamlıq Mərkəzində müalicə alan İkinci Dünya müharibəsi veteranı Anna Xarkovskaya baş çəkib, onun müalicəsi ilə maraqlanıb.
Ziyarətə görə polkovnik Cəlil Xəlilova təşəkkür edən Anna Xarkovskaya Bakı Sağlamlıq Mərkəzinin tibbi personalının müalicəsinə həssaslıqla yanaşdığını, ona hərtərəfli diqqət və qayğı göstərdiyini vurğulayıb, həkim kollektivinə öz təşəkkürünü bildirib. O, Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos.Dr.Asiman Həsənova da müalicəsi ilə mütəmadi maraqlandığına görə minnətdarlığını bildirib.
Veteranların xalqımızın mənəvi sərvəti olduğunu vurğulayan polkovnik Cəlil Xəlilov, dövlət başçısının hər zaman şəhid ailələrinə, veteranlara xüsusi diqqət və qayğı ilə yanaşdığını xatırladıb, bu münasibətin hər bir Azərbaycan vətəndaşına nümunə olduğunu bildirib.
Cəlil Xəlilov qeyd edib ki, həkimlərimiz Vətən müharibəsi dönəmində də ordumuzla çiyin-çiyinə səngərlərdə yer alıb, yaralanan minlərlə hərbçimizi öz fədakarlıqları, peşəkarlıqları ilə həyata qaytarıb. Polkovnik bu gün də həkimlərin veteranların, müharibə əlillərinin müalicəsinə həssaslıqla yanaşdığını söyləyib, onlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından təşəkkür edib.