01 mart 2024 17:29
772

SOCAR-ın prezidenti Rumıniyanın energetika naziri ilə görüşüb

Martın 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Rumıniyanın energetika naziri Sebastian Burduja ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan ilə Rumıniya arasında energetika sahəsində əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində görülən işlərin önəmi qeyd olunub. Bu xüsusda ötən ilin aprelində Sofiyada SOCAR,  “Transgaz” (Rumıniya), “Bulgartransgaz” (Bolqarıstan), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) şirkətləri arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanmasının “Həmrəylik halqası” təşəbbüsünün reallaşması istiqamətində atılan mühüm addım olduğu bildirilib.

Tərəflər SOCAR-ın Rumıniya bazarında fəaliyyəti, müxtəlif marşrutlar üzrə qaz təchizatı və nəqli, həmçinin enerji keçidi, rəqəmsallaşma və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.