Səudiyyə Ərəbistanının neft nəhəngi olan “Saudi Aramco” dövlət enerji şirkəti ehtiyatlarına 15 trilyon standart kubfut qaz və 2 milyard barel kondensat əlavə edərək, qeyri-ənənəvi “Jafurah” yatağında təməlqoyucu kəşfə imza atıb. Kəşfə əsasən, “Jafurah”dakı ehtiyatlar hazırda 229 trilyon standart kubfut qaz və 75 milyard barel kondensat olaraq qiymətləndirilir.
Bu strateji kəşf təkcə “Jafurah”dakı ümumi ehtiyatları artırmır, həm də Səudiyyə Ərəbistanının davam edən enerji keçidi səyləri fonunda təbii qaz sektorunda mövqeyini vurğulayır.
Energetika Nazirliyi nazir şahzadə Əbdüləziz ibn Salmana istinadən mətbuata açıqlamasında yeni kəşfi təsdiqləyib.
Nazirlik vurğulayıb ki, “Aramco”nun karbohidrogen ehtiyatlarının qiymətləndirilməsi və işlənməsində ən yüksək beynəlxalq standartlara riayət etməsi bu ehtiyatların lazımi səviyyədə istifadəsini təmin edib.
“Jafurah” Yaxın Şərqdə ən böyük şist qazı ehtiyatı hesab olunur. O, təxminən 200 trilyon kubfut təbii qazı saxlayır ki, bu da emissiyaları azaltmağa kömək edə və gələcəkdə daha təmiz yanacaq mənbəyi kimi xidmət edə bilər.
Ekspertlər proqnozlaşdırırlar ki, bu artım Səudiyyə Ərəbistanını əsas qlobal qaz istehsalçısına çevirəcək, enerji kompleksini şaxələndirəcək və ixrac üçün əhəmiyyətli qaz ehtiyatları toplamağa imkan verəcək.
Dəyişiklik Krallığın təkcə neftdən asılı deyil, hərtərəfli enerji istehsalçısı kimi tanınmaq arzusunu əks etdirir.
Mütəxəssislər hesab edirlər ki, Səudiyyə Ərəbistanının böyük qaz ehtiyatı onu qlobal bazarda əhəmiyyətli bir oyunçuya çevirəcək, xüsusən də şist neft və qaz texnologiyaları sahəsindəki irəliləyişlər hasilat xərclərini azaldacaq.
Xatırladaq ki, oktyabr ayında Cənubi Koreyanın “Hyundai Engineering and Construction” şirkəti neft nəhəngi Saudi Aramco” ilə “Jafurah”da qaz emalı zavodunun tikintisi üçün 2,4 milyard dollarlıq müqavilə imzalayıb.
İqtisadi ekspert Tareq Al-Atiq sözügedən yataqda qaz və kondensat ehtiyatlarının böyük artımını Səudiyyə Ərəbistanının iqtisadiyyatı üçün təkan kimi görür. O proqnozlaşdırır ki, “Jafurah” Səudiyyə Ərəbistanını dünyanın üçüncü ən böyük qaz istehsalçısına çevirə bilər. Bu, Krallığın enerjisinin şaxələndirilməsinə kömək edəcək və Aramco-nun dünyanın ən böyük enerji şirkəti olmağa kömək edəcəkdir.
Əl-Atiq hesab edir ki, layihə Səudiyyə Ərəbistanına daha çox pul gətirəcək və Krallığın böyümə planlarını dəstəkləyərək böyük layihələri maliyyələşdirəcək.
“Qaz neftdən daha təmiz və hasil etmək üçün daha ucuzdur və bu, iş yerlərinin yaradılmasına və Krallığın iqtisadiyyatının yüksəldilməsinə kömək edəcək”, - deyə Əl-Atiq fikrini tamamlayıb.
Nubar Süleymanova, “İki sahil”