04 mart 2024 15:05
539

Qeyri-mövsümi məhsullar alırlar, sonra da apteklərdə, klinikalarda növbəyə dayanırlar - EKSPERTDƏN İRAD

Yəqin ki, yolunu bazardan salan hər kəs piştaxtaların üstünə bəzəyən qeyri-mövsümi meyvə-tərəvəzlərə və onların üstündəki fantastik qiymətlərə nəzər salıb. 

Bəs, vaxtından əvvəl “yetişən”, satışa çıxarılan belə məhsullar haradan gəlir, necə yetişdirilir, orqanizm üçün hansısa zərərləri ola bilərmi?

“İki sahil” bu suallara cavab tapmaq üçün mütəxəssislərlə həmsöhbət oldu: 

Qeyri-mövsümi məhsullar süni yolla yetişdirilir və insan sağlamlığı üçün zərərlidir

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov mövzu ilə bağlı “İki sahil”in suallarını cavablandırarkən bildirdi ki, kənd təsərrüfatında intensiv yetişdirmə metodları var. Aqronomiya elmi böyük inqilablar edir, dəyişikliklər aparır. Lakin bunların əksəriyyəti kimyalaşma ilə baş verir. Ziyanvericilərə qarşı mübarizə, məhsulların tez yetişdirilməsi, yeni sortların əmələ gəlməsi hibridlərlə bərabər, eləcə də kimyanın tətbiqi ilə baş verir. Belə məhsulların tərkibində həmin kimyanın izləri olur. 

E.Hüseynov qeyd etdi ki, baxmayaraq ki, 2008-ci ildə ölkədə Ekoloji təmiz kənd təsərrüfatı haqqında Qanun çox əhəmiyyətli bir qanun qəbul olundu. Hansı həmin qanunu mən bir çox ölkələrdə təbliğ etmişəm. Həmin qanundan irəli gələn çoxsaylı qərarlar oldu. Yaşıl marketlərin açılması, təhlükəsiz kənd təsərrüfatı mallarının yetişdirilməsi və s. məsələlər önə çəkildi, lakin bu Qanunu müvafiq dövlət orqanları icra edə bilmədi. Hazırda adını çəkdiyim  həmin Qanunun ləğvi barəsində dövlət orqanları qarşısında məsələ qaldırılıb. 

Həmsöhbətimiz diqqətə çatdırdı ki, Azad İstehlakçılar Birliyi bir neçə yerə müraciət edib ki, bu Qanun ləğv olunmasın, əksinə, təkmilləşdirilsin, ləğv olunmasın, ölkədə ekoloji təmin kənd təsərrüfatı məhsulları yetişdirilsin. Çox təəssüf ki, kimyalaşma daha önə çəkilir. Əlbəttə ki, istehlakçılar belə kimyalaşmış məhsullar almaqla apteklərdə, klinikalarda növbədə duran istehlakçılar olublar. 

E.Hüseynovun sözlərinə görə, Azərbaycan istehlakçıları uzun orta ömür siyahısında 115 ölkə arasında geri qalan istehlakçılardır. Həmsöhbətimiz nəfsi qeyri-mövsümi məhsullar çəkənlərə tövsiyə edib ki, istehlakçılar belə məhsulları çox cüzi miqdarda alsınlar, istehlak  etsinlər. Xüsusilə kənar ölkələrdən gətirilən mallarda problemlər yaşanır. Qida Təhlükəsizliyi Agentliyi malların təhlükəsizliyini təmin edir. Lakin  keyfiyyət məsələsi masanın üzərində  qalıb, onunla heç kim məşğul olmur. Belə bir şəraitdə istehlakçılar çox diqqətli olmalıdırlar, problem olduqda Qida Təhlükəsizliyi Agentliyinin  1003 “Çağrı mərkəzi”nə məlumat verməlidirlər. 

Yaqut Ağaşahqızı, “İki sahil”