05 mart 2024 02:15
454

Yeni iqtisadi yanaşma

Birbaşa özəlləşdirmə yox, səhmlər paketinin satışı...

Ölkədə keçirilən irimiqyaslı işlər nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib. Sahibkarlığa dövlət dəstəyi ilə bağlı keçirilən tədbirlər nəticəsində mühüm nailiyyətlər əldə olunub. Dövlət-sahibkar münasibətlərinin inkişafı, bu sahənin dövlət tərəfindən tənzimlənməsi sisteminin formalaşması, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması böyük uğurlara yol açır. Özəl sektorun ölkə iqtisadiyyatında payı 86,5 faiz, məşğulluqda isə 78,1 faiz təşkil edib.

İqtisadiyyatın bütün sahələrində dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi istiqamətində görülən tədbirlər və iqtisadi inkişafda özəl sektorun rolunun artması, o cümlədən, qabaqcıl təcrübəyə əsaslanan yeni qanunların qəbulu xüsusi önəm kəsb edir. Bu qanunların tətbiqi ilə ölkə iqtisadiyyatında investisiya fəaliyyətində həm dinamika, həm də keyfiyyət baxımından yeni səhifə açılıb. Bu gün innovasiya və prioritet layihələrinin həyata keçirilməsi dövlət-özəl tərəfdaşlığı çərçivəsində davam edir.

Bakıda və Azərbaycanın digər guşələrində transformasiyalar gedir. Bir faktı qeyd etmək vacibdir ki, transformasiyalar ölkə ərazisinin 20 faizi işğala məruz qalan dövrdə də gedib. Bu gün Azərbaycan son 20 il ərzində ən sürətlə inkişaf edən dövlət olmaqla coğrafiyamızın ölkələri arasında mühüm mövqe tutub. Həm daxili, həm də xarici investorlar və biznesmenlər perspektivlər gördüyündən, öz resurslarını ölkəmizin inkişafına yatırmağa hazırdır.

Ölkənin iqtisadi və sosial zənginliyinə öz töhfəsini vermək istəyənlər üçün çox sayda imkanlar var. Qeyd etmək lazımdır ki, gələcək investisiyalar üçün qapılar hər iki istiqamətdə açıqdır. Azərbaycan xarici investorları müsbət qarşılayır, lakin həm də öz vətəndaşlarına xaricdə investisiyalarda iştirak etmək imkanı verir. Bu qarşılıqlı fəaliyyət mühüm rol oynayır. Qarşılıqlı investisiyaların möhkəmlənərək inkişaf edəcəyi və müxtəlif ölkələrə fayda gətirəcəyi gözlənir.

Azərbaycan təkcə ticarətdə deyil, həm də öz ictimai və iqtisadi inkişafın müxtəlif aspektlərində çiçəklənməyə davam edir. Mərkəzi Bank bu il ölkədə iqtisadi artımın 3-3,5 faiz səviyyəsində olacağını proqnozlaşdırır. 2025-ci ildə ümumi daxili məhsulun (ÜDM) artımı 3-4 faiz səviyyəsində olacaq. 2023-cü ildə ölkədə ÜDM-nin həcmi 123 milyard manat olub, iqtisadiyyatın real artımı isə 1,1 faiz olaraq qiymətləndirilib. 2024-cü ildə ÜDM artımının 2,4 faiz, 2025-ci ildə isə 2,9 faiz səviyyəsində olacağı gözlənilir.

Azərbaycanda aparıcı dövlət şirkətlərinin səhmləşdiriləcəyi və səhmlərinin bir hissəsinin satışa çıxarılacağı gözlənilir. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev qurumun 2023-cü ildəki fəaliyyətinə və qarşıda duran vəzifələrə həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu il ərzində iri dövlət şirkətlərində, xüsusən “AzerGold” QSC, “BakTelecom”, “AzTelekom” və Azərbaycan Beynəlxalq Bankında dövlət səhmlərinin bir hissəsinin özəl investorlara satışına dair təkliflər hazırlanacaq.

2023-cü ilin sonunda Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, bütün dövlət müəssisələri üzrə təkliflər hazırlanılır. Söhbət birbaşa özəlləşdirmədən yox, səhmlər paketinin satışından gedir. Hazırda səhmlərinin 100 faizi dövlətə məxsus olan istehsalat birlikləri və QSC-nin səhmlərinin alışında yerli və xarici investorlar iştirak edə bilər. Hökumət özəlləşdirmə prosesinə xarici investorları cəlb etməkdə maraqlıdır, lakin onlar üçün torpaq hüququ ilə bağlı məhdudiyyətlər qalmaqda davam edir (yalnız icarəyə götürə bilərlər).

2023-cü il üzrə fəaliyyətin əsas məqamlarından danışarkən qeyd etmək lazımdır ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi, 2024-cü il yanvarın 1-dən qüvvəyə minən “Dövlət satınalmaları haqqında” yeni Qanunu, eləcə də Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramından irəli gələn öhdəliklərin icrası ölkəmizdə müasir çağırışlara cavab verən texniki idarəetmə sisteminə nail olmağa imkan verəcək.

Cavid Əkbərov, “İki sahil”