09 mart 2024 09:30
521

Fransa "demokratiya"sının iç üzü: Söz və ifadə azadlığına dözümsüzlük, insan hüquqlarının tapdanması, etnik ayrı-seçkilik...

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya fikir və mətbuat azadlığının hədəf alındığı, əsassız həbslər həyata keçirildiyi barədə bəyanat 8 mart tarixli bəyanatını qətiyyətlə rədd edirik. Bu cür əsassız və qərəzli bəyanatları Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə kimi qiymətləndiririk. Bu barədə sözügedən bəyanata dair Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində bildirilib. Fransanın Azərbaycana qarşı belə iddialar səsləndirməyə mənəvi haqqı varmı? 

Hər bir ölkədə demokratiyanın əsas göstəricilərindən biri fikir və media azadlığıdır. Özünü demokratik hesab edən ölkələr media nümayəndələrinin sərbəst fəaliyyətinə hər cür şərait yaratmağa çalışır. Amma əminliklə demək olar ki, Fransa bu kimi məziyyətlərdən çox uzaqdır. Bunu sübut emək üçün çox da uzaq tarixə varmaq lazım deyil. Ötən ilin yayında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşlarının Fransada çəkiliş zamanı zorakılıqla üzləşməsi, onlara hədə-qorxu gəlinməsi bu ölkədə media azadlığının səviyyəsini tam ortaya qoymadımı? Bu hadisə Fransanın söz və ifadə azadlığına dözümsüz yanaşdığını, ali dəyər və prinsiplərə, qətiyyən, məhəl qoymadığını göstərmədimi? Yeri gəlmişkən qeyd edək ki, bu gün fransızların da Fransa mətbuatına etibarı azalıb. Məsələn, Bastiyada polis tərəfindən saxlanılan korsikalılara dəstək üçün keçirilən etiraz aksiyasının iştirakçısı Paskal Alberini deyib ki, milyarderlərin əlində olan Fransa mediası xalqın səsini eşitmir, onu nəzərə almır və insanların hüquqları tapdalanır. O həmçinin Fransa mətbuatının dezinformasiya xarakterli məlumatlar yaydığını da bildirib.

Fransada əsassız həbslərin həyata keçirilməsi adi hala çevrilib

Bu ölkədə insan hüquqlarının tapdanması, etnik ayrı-seçkilik zəminində xoşagəlməz hadisələrin baş verməsi də adi hala çevrilib. Nanter şəhərində polis tərəfindən Əlcəzair əsilli 17 yaşlı gəncin qətlə yetirilməsi Fransa hakimiyyətinin əsl simasını bir daha dünyaya göstərmədimi? Əhalinin haqlı narazılığına polisin sərt müdaxiləsi, insanlara dəyənəklərlə xəsarət yetirilməsi, həbs olunmaları, həmçinin bu ölkədə sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması isə Fransada artıq pik həddinə çatıb. Belə olan halda rəsmi Paris görəsən  hansı üzlə Azərbaycana insan haqqlarından dərs keçməyə cürət edir? 

Bu ölkədə əsassız həbslərin  həyata keçirilməsi də geniş yayılıb. Elə bu yaxınlarda  Korsikanın müstəqillik hərəkatı fəallarını Fransa dövləti tərəfindən hədəfə alınıb və polis onların evlərinin qapısını partladaraq dağıdıb. Hətta polis  uşağının gözü qarşısında atasını yerə yıxaraq zorakılıq aktı törədiblər, evini alt-üst ediblər. 

Bu gün islamofobiya dünya miqyasında nüfuzunu itirən Fransada daha çox nəzərə çarpır. Müsəlmanların hüquqlarının kobud şəkildə pozulması artıq Emmanuel Makron hakimiyyəti üçün adi hala çevrilib. Təkcə bir faktı xatırladaq ki, 2020-ci ildən indiyədək Fransada 89 məscid, 650-yə yaxın ibadət yeri bağlanıb. Üstəlik, bu ölkədə elə qanunlar qəbul edilib ki, bütün insanların inancını tanıyır, amma müsəlmanlarınkını yox. Bu yaxınlarda Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm də islamofobiyanın ən bariz nümunəsidir. Ölkədə bu istiqamətdə bu kimi addımlar günbəgün şiddətlənir. Prezident İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda da bi məsələyə toxunub: “Fransa özünün ənənəvi neokolonializm siyasəti ilə bərabər, müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür, müxtəlif islamofob kampaniyalar təşkil edir”. Dövlətimizin başçısı vurğulayıb ki, bu ölkə “dünyəvilik” adı altında sırf müsəlmanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunvericilik aktları və siyasi qərarlar qəbul edir. Bu ölkədə məscidlər, müsəlman mədəniyyət mərkəzləri və qəbiristanlıqlar müxtəlif formalarda təhqirlərə məruz qalır, müsəlman vətəndaşlar sıxışdırılır.
Bu mənada insan hüquqlarının kobud şəkildə pozulduğu, baş verən iğtişaşlar zamanı aksiyaçıların öldürüldüyü, qanunvericilik strukturlarında geniş rüşvətxorluq və korrupsiya hallarının yayıldığı, İslamofobia və müsəlmanlara qarşı hücum hallarının geniş yayıldığı, habelə bir sıra digər insan hüquqları pozuntularına qarşı tədbirlər görməyən Fransanın Azərbaycana qarşı iddialar səsləndirməyə heç bir mənəvi haqqı yoxdur.

Bəs belə bir bəyanatla Fransa nə demək istəyir? Şübhəsiz, Ermənistan vasitəsilə bölgədə möhkəmlənmək, ona revanş şansını vermək və Azərbaycanı cəzalandırmaq. Amma rəsmi Bakı düşünülmüş siyasəti ilə Fransanın dərsini verməkdə, onu yerində oturmaqdadır. Bu mənada Makronun arzularının ürəyində qalacağı şübhəsizdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”