12 mart 2024 12:48
1119

İqlim dəyişikliyi insan fəaliyyətinin nəticəsidir - Pərvanə Vəliyeva

Elektrik enerjisini qənaətlə istifadə etmək və ya şəxsi avtomobillərdən deyil, ictimai nəqliyyatdan istifadə əhəmiyyətli dərəcədə karbon emissiyalarını atmosferdə azalda bilər

Qlobal istiləşmə və iqlim dəyişmələrindən ən çox əziyyət çəkən kiçik ada dövlətləri, Afrika qitəsi və ümumilikdə Qlobal Cənub dediyimiz Dünyanın Cənub yarımkürəsində yerləşən ölkələr – isti iqlimə malik ərazilərdir ki, qlobal istiləşmə onlara istər iqtisadiyyat, sağlamlıq, istərsə də, infrastruktur baxımından çox böyük çətinliklər yaradır. Hindistanda 2023-cü ildə pik yay vaxtı havanın temperaturu normaldan 10-15 dərəcə artıq müşahidə olunub. Nəticədə quraqlıq baş vermiş, əkinlər yanmış, istiyə dözümü olmayan yaşlı və xəstə insanlar həyatını itirmişdir. 

Bu fikirləri “Sağlamlığa Xidmət” İctimai birliyinin direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva mövzu ilə bağlı “İki sahil”ə özəl açıqlamasında bildirdi.

COP-lar zamanı qlobal ərzaq çatışmazlığı ən çox müzakirə olunan məsələlərdən olur

Pərvanə Vəliyevanın sözlərinə görə, quraqlıq su qıtlığına, kənd təsərrüfatı və digər təsərrüfatların böhranına gətirib çıxarır. Əkinlərin yanması məhsula tələbatın artmasına, təklifin isə azalmasına səbəb olur ki, bu da ərzaq qıtlığı, yəni ərzağın bazarda bahalaşması deməkdir. Nəticədə ölkə xarici bazar vasitəsilə özünü təmin etməli, yaxud aclıqla üzləşməlidir. Qlobal ərzaq böhranı elə bu səbəbdən yaranır. Hindistanda istiləşmənin ən çox ziyan vurduğu təsərrüfat buğda istehsalı olub ki, bu da insanların minimum ərzaq ehtiyacı olan çörəyin bahalaşması deməkdir. Bu səbəbdən COP-lar zamanı qlobal ərzaq çatışmazlığı ən çox müzakirə olunan məsələlərdən olur. COP28 zamanı ilk dəfə olaraq Ərzaqla bağlı 134 dövlətin imza atdığı bəyannamə təsdiq olundu. İmzalayan ölkələr ərzaq böhranı ilə mübarizə üçün səyləri birləşdirmək və dəstəyi artırmaq, həmçinin bütün qida-əsaslı istixana qazı emissiyalarını 2030-cu ilədək azaltmağı öhdəlik götürdülər.

Dubay şəhərində keçirilən COP28 zamanı Fonda ilk ianələr toplanıb

Təşkilat Komitəsinin üzvü diqqətə çatdırdı ki, iqlim dəyişikliyi ilə mübarizədə maliyyə imkanının toplandığı Qlobal Stokteyk adlı təsisat yaradılıb. Bu təsisat iqlim dəyişikliklərinə adaptasiya və təsirlərin yumşaldılması üzrə inkişaf etmiş dövlətlərin inkişaf etməkdə olan dövlətlərə maliyyə yardımını səfərbər edir.  İqlimin adaptasiyası və dəyişikliklərlə mübarizə üzrə maliyyə 3 əsas fond tərəfindən inkişaf etməkdə olan ölkələrə verilir: Yaşıl İqlim Fondu, Adaptasiya Fondu və yeni yaradılmış İtki və Zərər Fondu. BƏƏ-in Dubay şəhərində keçirilən COP28 zamanı Fonda ilk ianələr toplanmışdı.  Fonda dünya dövlətlərinin ödəməyi vəd etdiyi vəsait 800 milyon ABŞ dollarıdır ki, bu da əsas hədəfdən çox azdır. İqlim qeyri-hökumət təşkilatlarının hesablamalarına görə, bu fonda hər il 400 milyard ayrılmalı idi, indi isə lazım olan vəsaitin yalnız 0,2 %-i toplanıb.  COP28 zamanı Yaşıl İqlim Fonduna 3,5 milyard ABŞ dolları vəsaitin toplandığı açıqlanıb. Bundan başqa, BƏƏ tərəfindən yaradılmış ALTÉRRA iqlim katalitik fondunun ehtiyatı isə 30 milyard ABŞ dollarıdır. Bu fond qlobal miqyasda əlavə 250 milyard dollar səfərbər etməyə çalışır və danışıqları beynəlxalq müstəvidə davam etdirir. 

130-dan çox ölkə 2030-cu ilədək öz bərpa olunan enerji səviyyəsini 3 dəfə və enerji effektivliyini 2 dəfə artırmağa razılaşıblar

Həmsöhbətimiz vurğuladı ki, maliyyənin doğru və layiqincə xərclənməsi çox önəmlidir və bu istiqamətdə bir çox hesabatlılıq mexanizmləri düşünülüb. Yəni, bütün toplanan maliyyə vəsaitinin arxasında qlobal öhdəliklərin lazımınca və tam olaraq yerinə yetirilməsi, bu istiqamətdə hesabatlılıq olmazsa, donorların inamını qazanmaq olmaz, ölkələr şəffaflıq üçün maliyyənin xərclənməsi üzrə hesabat verməlidir. Eyni zamanda öhdəlik götürülən məsələlərin yerinə yetirilməsi monitorinq olunmalıdır. Məsələn, 130 –dan çox ölkə 2030-cu ilədək öz bərpa olunan enerji səviyyəsini 3 dəfə və enerji effektivliyini 2 dəfə artırmağa razılaşıblar. Bu, Milli Müəyyən olunmuş töhfələr (NDCs) deməkdir. Ölkələr öhdəliklər üzrə 5 ildən bir hesabat verir.  İqlim dəyişiklikləri ilə mübarizədə maliyyə hədəfi 2020-ci ildə hər il üçün 100 milyard müəyyənləşdirilib. Bu vəsait isə yalnız 2022-ci ildə toplanıb qurtara bilib. Bu da hədəfdən xeyli az vəsaitin yğılması deməkdir. 

İnsanlar arasında suya, elektrik enerjisinə, qaza qənaət etmək mədəniyyəti formalaşmalıdır

P.Vəliyeva əlavə etdi ki, insanlar da iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq üçün səy göstərməlidir. İnsanlar arasında suya, elektrik enerjisinə, qaza qənaət etmək mədəniyyəti formalaşmalıdır. Suya qənaət etmək həm ailə büdcəsinə, həm də ümumilikdə hər ölkə üçün suya qənaət etmək deməkdir. Yaxud elektrik enerjisini qənaətlə istifadə etmək və ya şəxsi avtomobillərdən deyil, ictimai nəqliyyatdan istifadə əhəmiyyətli dərəcədə karbon emissiyalarını atmosferdə azaldacaqdır. Dünyada 6 milyarddan çox insan yaşayır və iqlim dəyişikliyi insan fəaliyyətinin nəticəsidir. Bunun qarşısına almaq da, biz insanların vəzifəsidir. İnsanlar bu məsələnin ciddiliyini dərindən dərk etməli, elə bu gün davranışları dəyişməli, bu mədəniyyəti özlərinə aşılamalıdır. Nəticədə ətraf mühitimiz, havamız, torpağımız əhəmiyyətli dərəcədə təmizlənər ki, bu da yenə insanların sağlam yaşayışının xeyrinədir. 

Yaqut Ağaşahqızı, “İki sahil”