09 oktyabr 2026 12:42
116

Ağ Ev aparat rəhbərinin qızı lobbiçilik firmasında işləyir?

Ağ Evin administrasiya rəhbəri Syuzi Uaylsın qızı Keti Uayls Serb Respublikasının maraqlarını təmsil edən "Continental Strategy" lobbiçilik şirkətinin tərəfdaşıdır. Cari ilin fevral ayında firma onunla ayda 35 min dollarlıq müqavilə bağlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" sənədlərə istinadla məlumat yayıb.

Araşdırmaya Keti Uaylsın sosial şəbəkələrdə dərc etdiyi fotoşəkillər səbəb olub. Həmin şəkillərdə o, əlində vintovka ilə Serb Respublikasının yüksək rütbəli naziri Jelko Budimirin yanında əks olunub. "Continental Strategy"nin nümayəndəsi CBS News telekanalına onun avqust ayında həmin ölkəyə səfər etdiyini təsdiqləyib, lakin bildirib ki, səfər Amerika müştərisi üçün layihənin texniki-iqtisadi əsaslandırılması ilə bağlı olub. Şirkət həmçinin bəyan edib ki, xanım Uayls ABŞ hakimiyyəti qarşısında lobbiçilik fəaliyyəti ilə məşğul olmayıb.

"Continental Strategy" iddia edir ki, Serb Respublikasının maraqlarını ABŞ hökuməti qarşısında lobbiçilik edən yeganə əməkdaş Alejandro Qarsiyadır. 2024-cü ildə o, Donald Trampın seçki kampaniyasının rəhbərinin müavini olub.

Fotoşəkil Ağ Evdə də şərh edilib. Onun nümayəndəsi CBS News-a bildirib ki, Syuzi Uayls qızı ilə iş məsələlərini müzakirə etmir.