12 mart 2024 17:40
881

“Təbiətin bayram rəngləri” - FOTO

Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası  Xətai rayon təşkilatının və  “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik  Hüquqi Şəxsin  birgə təşkilatçılığı ilə bu adda rəsm sərgisi keçirilib

Martın 12-də Xətai Sənət Mərkəzində Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və  “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi”  Publik  Hüquqi Şəxsin  birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Təbiətin bayram rəngləri” adlı rəsm sərgisi keçirilib.  Sərgidə  Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşı Mehriban İsrafilova, Xalq rəssamı Siruz Mirzəzadə, Azərbaycan Milli  Xalça  Muzeyinin Şuşa filialının müdiri, “Sehrli aləm”  Cəmiyyətinin prezidenti  Azər Abdullayev iştirak ediblər.

Sərginin keçirilməsində məqsəd uşaqların bacarıqlarını üzə çıxarmaq,  onların asudə vaxtlarını səmərəli təşkil etmək, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, eyni zamanda, milli ruhda böyümələrinə, milli-mənəvi dəyərlərimizə, ənənələrimizə böyük hörmətlə yanaşmalarına dəstək olmaqdır. 

Sərgidə  Mərkəzin “Təsviri İncəsənət” dərnəyinin üzvləri Novruz  adət-ənənələrini, atributlarını özündə əks etdirən  maraqlı rəsm əsərlərini  nümayiş etdiriblər. Sərgi ilə tanışlıqdan sonra Xalq rəssamı Siruz Mirzəzadə belə tədbirlərin əhəmiyyətindən, rəsm əsərlərinin müəlliflərin yaradıcılıq imkanlarının, duyğularını rənglərin dili ilə ifadə etmələrinin təqdimatında  əsas amil olduğunu bildirib. Diqqətə çatdırılıb ki, bu günün gənc, bacarıqlı rəssamları Azərbaycanın gələcək təbliğatçılarıdır. Hər bir xalqı yaşadan, dünya xalqları arasında fərqləndirən mühüm xüsusiyyətlərdən biri milli-mənəvi dəyərləri, adət-ənənələridir. Onları qorumaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcumuzdur.

“Mədəniyyət” kanalının “Səhər” proqramının rəhbəri Nəcibə Əlixanova  bildirib ki,  yaşı bilinməyən, əsrləri arxada qoyaraq bugünümüzə qədər gələn Novruzun atributlarının olduğu kimi qorunması, ulularımızdan ərməğan, dildən-dilə yaşadılan el mahnıları, bənzətmələr, oxşamalar, bayatılar xalqımızın mənəvi zənginliyini göstərən sərvətlərimizdəndir.

Xalça Muzeyinin Şuşa filialının müdiri, “Sehrli aləm”  Cəmiyyətinin prezidenti  Azər Abdullayev bildirib ki, zəngin tarixə, adət-ənənələrə malik olan Azərbaycan xalqı  daim öz tarixi kökləri, milli-mənəvi dəyərləri, zəngin  tarixi ilə fəxr etmişdir. Tarixi çox qədim olan Novruz bayramının xalqımız tərəfindən hər il  böyük təntənə ilə qeyd olunması da bu bağlılıqdan qaynaqlanır. Milli-mənəvi dəyərlərimizi qoruyaq, tariximizi öyrənək, adət-ənənələrimizin, dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə öz töhfələrimizi verək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Vəfa Məhərrəmli vurğulayıb ki,  Novruz baharın müjdəçisidir. Novruz bayramı  təbiətin oyanmasının, canlanmasının simvolu olmaqla yanaşı, həm də özündə ümumbəşəri dəyərləri təcəssüm etdirir. Xalqımız Novruzun ənənələrini hər zaman yaşadıb.

“2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik  Hüquqi Şəxsin direktoru Əminə Musayeva vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və bu xəttin son 20 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi  milli köklərə söykənən ənənələrmizin yaşadılmasına və daha geniş miqyasda təbliğinə imkan yaradıb. Bu istiqamətdə Heydər Əliyev Fondunun  həyata keçirdiyi layihələr də təqdirəlayiqdir.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, hər bir xalqı dünyada tanıdan onun milli-mənəvi dəyərləri, adət-ənənələri, mədəniyyəti və elmi potensialıdır. Milli varlıq və mənəviyyat xəzinəsi olan Bahar bayramı  müdrik əcdadlarımızın bugünkü nəsillərə misilsiz yadigarıdır.  Bu el bayramı zamanın sınaqlarından çıxmış çoxəsrlik mədəniyyətimizin  parlaq təcəssümüdür.

Vüqar Rəhimzadə onu da diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı  əsas istiqamətlərdən biri olub. Novruzun qədim köklərə malik olduğunu bəyan edən Ümummilli Lider  Heydər Əliyev imperiyanın sərt qadağalarına baxmayaraq bu bayramın respublika miqyasında  yüksək səviyyədə keçirilməsinə nail olmuşdur.  Azərbaycan müstəqilliyini yenidən  bərpa edəndən sonra xalqımız bu bayramı daha böyük təntənə ilə qeyd etməyə başladı.

Çıxışlarda bu mühüm məqam xüsusi vurğulanıb ki, artıq dörd ildir  bayramlarımızı, əlamətdar tarixi gunləri  Zəfər ovqatında qeyd edirik. Novruz  tonqalları Qarabağımızda və Şərqi Zəngəzurumuzda  alovlandırılır. Azərbaycanın döyünən ürəyi, mədəniyyət beşiyi olan Şuşamızda Novruz bayramı qeyd edilir. Bu il daha da sevincliyik. Ötən il Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa olundu. Bu il Xankəndidə, Xocalıda, Xocavənddə Novruz tonqallarının alovlandırılması hər birimizi qürurlandırır.

Tədbirdə müəllimlərə və  rəsm əsərlərinin müəlliflərinə diplomlar təqdim edilib.

Sonda  “Aktyor sənəti” dərnəyinin üzvləri ədəbi-bədii kompozisiya ilə çıxış  edib, “Bənövşə” xorunun ifasında  mahnılar  səsləndirilib. Həmçinin “Təbəssüm” rəqs qrupu maraqlı  rəqs nömərələri ilə çıxış ediblər.