13 mart 2024 00:58
438

Qazaxıstan-Azərbaycan qardaşlığı: Orta Dəhliz layihələrinin yol xəritəsi

İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşa edilib istifadəyə verilməsi isə hər iki xalq arasındakı dostluğun, qardaşlığın, qarşılıqlı dəstəyin daha bir simvoludur

Ərazisinə və təbii sərvətlərinin zənginliiyinə görə türk dövlətləri arasında fərqlənən Qazaxıstanla Azərbaycanın illərdən bəri davam edən qardaşlığı səmimi əməkdaşlıq şəraitində davam edir. Hər iki dövlət rəsmilərinin reallaşan qarşılıqlı görüşlərində, yeni, daha da təkmilləşən, coğrafiyası genişlənən münasibətlərdə milli mənafelərə uyğun məsələlərin müzakirəsi bütünlükdə türk dövlətlərinin birliyinin möhkəmlənməsinə xidmət edir.

Qazaxıstan Respublikasının Prezidenti Kasım Jomart Tokayevin bu günlərdə Azərbaycana dövlət səfəri, müxtəlif səhələri əhatə edən mühüm sənədlərin imzalanması səmimi münasibətlərin təzahürüdür. Prezidentlər İlham Əliyevlə Kasım-Jomart Tokayevin səfərlə bağlı mətbuata bəyanatlarında səslənən sözlər bu qardaşlığın əbədiyyət simvolu kimi yaddaşlarda qaldı.

Dövlətlərarası qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi naminə görülən işlərdən məmnuniyyətlə bəhs edən hər iki dövlət başçısı strateji tərəfdaş və müttəfiq olan Azərbaycanla –Qazaxıstan arasındakı münasibətlərin dinamikasından razılıqlarını bildirdilər. Dövlət başçılarının davamlı olaraq Bakıya, Astanaya rəsmi və işgüzar səfərlərinin hər iki dövlətin siyasi , iqtisadi, mədəni, humanitar sahələrdə inkişafında mühüm rolu olduğunu diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, görüşlərdə təkcə ikitərəfli qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunmur. Regional problematika, bölgə dövlətlərinin təhlükəsizlik sistemi ilə bağlı problemlərə də aydınlıq gətirilir. Azərbaycanın, Qazaxıstanın təmsil olunduqları Türk Dövlətləri Təşkilatının daha da güclənməsi naminə mühüm addımlar atılır. Vətən müharibəsi zamanı ölkəmizə mənəvi dəstəyini əsirgəməyən, sonrakı dövrdə də qardaşlığını real işləri ilə təsdiqləyən qazaxıstanlı həmkarına təşəkkürünü bildirən Prezident İlham Əliyev iki dövlətin beynəlxalq təşkilatlardakı birgə fəaliyyətini regional sabitliyin təminatı baxımından yüksək dəyərləndirdi: «Bununla yanaşı, biz, həmçinin qarşılıqlı fəaliyyətin digər məsələlərini, o cümlədən beynəlxalq strukturlarda, ilk növbədə BMT və Türk Dövlətləri Təşkilatında birgə fəaliyyətimizi müzakirə etdik. Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir.»

Ali Dövlətlərarası Şuranın birinci iclası çərçivəsində qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri üzrə aparılan müzakirələrin regional əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, TransXəzər nəqliyyat dəhlizinin reallığa çevrilməsi davam edən qarşılıqlı münasibətlərin məntiqi nəticəsidir. Geosiyasi əhəmiyyətli TransXəzər nəqliyyat marşrutunun, hər iki ölkədə dəmir və avtomobil yollarının çəkilişinə, hava, dəniz limanlarının açılmasına göstərilən diqqət region dövlətlərinin iqtisadi inkişafını da şərtləndirir.
 Gələcəkdə görüləcək işlərin beynəlxalq əhəmiyyətini «Bu gün bunlara həmişəkindən daha çox ehtiyac var. Bu, bizi bir daha əmin edir ki, bütün işləri vaxtında görmək və yaxın perspektivdən bir az uzağa baxmaq lazımdır. Yalnız belə olan təqdirdə uğur qazanmaq mümkündür. Ona görə də əgər bu gün nəqliyyat infrastrukturuna investisiya qoymağa başlasaydıq, yəqin ki, indi həmin potensiala malik olmaq üçün onilliklər lazım gələrdi. İndi bu bünövrə üzərində biz nəqliyyat-tranzit imkanlarımızın, həm limanların, dəmir yollarının, həm də sinergiya yaradılmasının, vahid nəqliyyat kompleksinin qurulmasının genişləndirilməsini planlaşdırırıq. Bu kompleksdə rəqəmsallaşma ilə bağlı layihələr də dəstəklənəcək. Bu məsələlərdə biz paralel istiqamətlər üzrə hərəkət edirik. Həm Qazaxıstanda, həm də Azərbaycanda bu sahəyə çox böyük diqqət yetirilir» sözləri ilə ifadə edən Prezident İlham Əliyev gözəl meqapolis olan Astananın salınmasını qardaş ölkənin iqtisadi inkişafının məntiqi nəticəsi kimi dəyərləndirərək bildirdi ki, bu şəhər dünya tarixində nadir nümunələrdəndir. Bir məsələ xüsusilə diqqətə çatdırıldı ki, möhkəm bazaya malik TransXəzər nəqliyyat dəhlizi, Xəzər təkcə iki ölkə arasında deyil, region dövlətləri arasında körpüdür. Qazaxıstanın, eyni zamanda Azərbaycanın nəqliyyat, loqistika sahəsinə yatırdıqları sərmayələr bölgə dövlətlərinin iqtisadiyyatına töhfə verməklə ölkələrarası münasibətləri möhkəmləndirir.

Davamlı iqtisadi-ticari fəaliyyət sahəsində böyük potensiala malik dövlətlərarası münasibətlərə ən bariz nümunə hər ik dövlət başçısının Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının rəmzi qarşılanması mərasiminin videobağlantı formatında izləməsi idi. Prezident İlham Əliyevin «Bu əlamətdar hadisə münasibətilə nəqliyyatçıları təbrik etmək istəyirəm. Bu gün Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində nəqliyyat-logistika sektoruna aid məsələlər ətraflı müzakirə olundu. Qəbul etdiyimiz qərarlar mahiyyətcə bu gözəl mərasimin keçirilməsinə kömək edir. Bu gün Qazaxıstan və Azərbaycan bütün istiqamətlər, o cümlədən tranzit nəqliyyat sahəsində - konnektivliklə bağlı sahədə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərirlər» sözləri daha mühüm layihələrin yol xəritəsidir. Bu hadisə təsdiqlədi ki, Xəzər təkcə ölkələrimiz arasında yox, həm də bir çox ölkələr arasında körpüdür, çünki TransXəzər nəqliyyat dəhlizi bu gün öz potensialını tam şəkildə açır.

Hər iki dövlətin iştirakı ilə reallaşan nəqliyyat layihələrinin neft-qaz sahəsində davam etdirilməsinin əməkdaşlığın perspektivi üçün daha böyük imkanlar yaradacağına əminlik daha da artır. Milli maraqlara uyğun münasibətlərin humanitar sahədə davamı isə xalqlarımızın birgə fəaliyyətinin, xoş niyyətinin ifadəsidir.

Ölkəmizə hər səfərini tarixi əhəmiyyətli hadisə adlandıran Kasım- Jomart Tokayev Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfəri, ölkəmizin dövlət suverenliyinin tam təmin edilməsi tarixi həqiqətin bərpası, Prezident İlham Əliyevin qətiyyətinin uğuru kimi dəyərləndirdi. «Daha bir uğuru – qlobal iqlim konfransının keçirilməsini qeyd etmək istərdim. Bu mühüm tədbirin məhz Bakıda keçirilməsi faktı bir çox məqamlardan xəbər verir. Hər şeydən əvvəl, Sizin ölkənizin sosial-iqtisadi inkişaf sahəsində, həmçinin beynəlxalq arenada nailiyyətlərinin qəbul edilməsi amilidir. Həqiqətən Azərbaycanın nüfuzu durmadan artır, bu, həm iqtisadiyyatda, həm də beynəlxalq siyasətdə baş verir. Əlbəttə, Qazaxıstan COP29-un müvafiq səviyyədə keçirilməsini dəstəkləyir və bu son məqsədə nail olmaq üçün lazımi səylər göstərəcəkdir. Hər halda mən Sizin dəvətinizlə həmin tədbirdə şəxsən iştirak etməyi planlaşdırıram» söyləyən Kasım Jomart Tokayev türk dövlətləri liderlərinin qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana yenidən səfər edəcəyini də səmimiyyətlə diqqətə çatdırdı. Vurğuladı ki, strateji tərəfdaşlıqdan danışdıqda, biz bunu sadəcə gözəl ifadə və ya diplomatik nəzakət kimi qəbul etmirik. Əslində, əməkdaşlığımızın mahiyyəti qarşılıqlı fəaliyyətimizin strateji xarakterini ehtiva edir. Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələrin, hər iki ölkənin qanunverici orqanlarındakı dostluq qruplarının fəaliyyətinin maraqlara uyğun təkmilləşdirilməsi qardaşlığa əlavə töhfələrdir.

Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Ölkəmizdə Qazaxıstanı təmsil edən 182 kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib. Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə «KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib. Dövlətlər arasındakı nəqliyyat-logistika sahəsindəki əməkdaşlığı yüksk dəyərləndirən Qazaxıstan Prezidentinin vurğuladığı kimi Sian limanından Qazaxıstan ərazisindən Azərbaycana dəmir yolu marşrutu üzrə onlayn formatda izlənən mərasim daha mühüm beynəlxalq layihələrin təməlidir. Rəqəmsallaşma, süni intellektin yaradılması, Xəzərin dibi ilə optik-lif rabitə xəttinin qurulması sahələrində birgə səylər göstərilməsi ilə bağlı layihələr unikaldır və çox da uzaqda deyil. Hər iki dövlətin Birləşmiş Millətlər Təşkilatında, Türk Dövlətləri Təşkilatında , ATƏT, AQEM, SPECA, MDB kimi beynəlxalq qurumlarda qarşılıqlı fəaliyyəti strateji əməkdaşlığı daha da möhkəmləndirir.

Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Qazaxıstanda yaşayan, elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışan iki yüz minə qədər azərbaycanlı bu ölkənin ictimai-siyasi həyatda yaxından iştirak edir. İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşa edilib istifadəyə verilməsi isə hər iki xalq arasındakı dostluğun, qardaşlığın, qarşılıqlı dəstəyin daha bir simvoludur.

Göründüyü kimi, ictimai-siyasi formasiyadan asılı olmayaraq, əsrlər boyu sülh, qardaşlıq şəraitində yaşayan, iki müstəqil dövlət olaraq əməkdaşlığı genişləndirən Azərbaycanla Qazaxıstan ikitərəfli formatlarda da uğurla qarşılıqlı fəaliyyət göstərir. Son vaxtlarda qarşılıqlı səfərlərin artan dinamikası ilə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

«Qazaxıstanın uğurları bizi sevindirir. Sizi və bütün qardaş Qazaxıstan xalqını sosial-iqtisadi inkişafda, innovativ tərəqqidə çox böyük nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Qazaxıstanın iqtisadi inkişafı və ümumi daxili məhsulun artması düzgün və düşünülmüş iqtisadi siyasətdən xəbər verir. Həmçinin Sizin ölkənin modernləşdirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş və artıq bir çox nailiyyətlərin əldə edildiyi islahatlarınızı tam dəstəkləyirik» söyləyən Prezident İlham Əliyevin bu sözlərində hər iki xalqın səmimi duyğuları ifadə olunur.

Xuraman İsmayılqızı, «İki sahil»