14 mart 2024 16:32
1040

Təbib olsam...

Böyük Aşıq Ələsgərin belə bir misrası var: “Təbib olsam, yaraların bağlaram”. Yaralı ana ceyrana rast gələn şeir qəhrəmanı bu mənzərədən sarsıldığını ifadə edir və sonda onu da qeyd edir ki, “Ələsgərəm, o səbəbdən ağlaram, Ananı baladan aralı gördüm”. Şübhəsiz, bu əsər başqa bir kontekstdə yazılsa da, müəllifin ədəbi qayəsi sosial sferaya qapı açmaqdır. Hər hansı bir canlı varlığın ölümü arzuolunmazdır və bunun doğurduğu ayrılıqların kədəri ədəbiyyatın əbədi mövzularından biridir. Ölümünsə əsas səbəbi insanların gündən-günə çoxalan cürbəcür xəstəliklərə düçar olmasıdır. Ayrılıq səbəbinin nə olmasından asılı olmayaraq Sənətkar öz humanist duyğularını bəyan etmək, ya dünyanın nizamını qaydaya salmaq yönündə belə bir təşbehdən bəhrələnir. Yəni təbib olmaqla, indiki halda faciənin qarşısını almaq mümkün sayılır. 

Bir qədər poetik ovqatla sözə başlamağım həkim (loğman) olmağın bəzi fəzilətlərini bu başdan motivasiya etməkdir. Keçmişdə də, indi də ta uşaqlıqdan insanların həkim olmaq istəyi təbii bir prosesin nümunəsi sayıla bilər. Axı insan fitrətən humanistdir, yaşadan, xilas edən varlıqdır. “Həkim olsam” frazasının arxa qatında insan sağlamlığının təminatı, xidmət etmək, qayğı göstərmək, gərəkli insan kimi tanınmaq arzuları qərarlaşıbdır. Fikrimizi, sözümüzü bu şəkildə şaxələndirsək, “müəllim olsam”, “memar olsam”, “alim olsam” və bu cür ifadələrdən start götürüb mətnin ideyasına yetişə bilərik. 

Bu yığcam giriş abzasının davamı  olaraq hər bir insanın həyatı boyu əldə etdiyi bacarıqlarla nəyə nail olub-olmayacağı barədə dialoq, mətn qura, geniş təhlillər apara bilərik. Böyük söz ustadının məlum misrasında, şeirində əks olunduğu kimi, yara sağaltmaq, əbədi ayrılıqların önünü kəsmək həkimin, loğmanın işidir. Mənim bu yazımın həkim qəhrəmanı tibb elmində androloji tədqiqatları ilə tanınan görkəmli alim, tibb elmləri doktoru, professor İlham Əhmədovdur. O, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının professorudur. Eyni zamanda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında çalışır. Deməli, onun şəxsiyyət olaraq iki mühüm sahənin təmsilçisi olduğunu gərək xüsusi vurğulayaq. Çünki müəllimlik və həkimlik bir-birini tamamlayır. Əslində qoşa qanad kimi biri digərini bütövləşdirən bu iki şərəfli vəzifə barədə bir qeydimi də əlavə etmək istəyirəm. Bizim leksikonumuzda “ocaq” sözü ilə çeşidlənmiş “təhsil ocağı”, “tibb ocağı”, “elm ocağı” kimi ifadələr yer alıbdır. Burada “ocaq” kəlməsini fərqli vurğu ilə nəzərə çarpdırmaq istəyirəm. Bu kəlmənin doğurduğu ilkin duyğu işıq, od, hərarət, qaynarlıq məzmununu təsəvvürə gətirir. Ocağın başına yığışmaq, ocaq qalamaq dünyanın ən ilginc əməllərindən sayılır. Bax doktor İlham müəllimin iki məsul görəvdən qaynaqlanan həyatına işıq tutmağın zərurətini bu yöndə anlayıb yadda saxlamaq lazımdır. 

Bioqrafiyası barədə qısaca yazmalı olsaq, gərək onun mükəmməl tibbi təhsilindən, Tibb Universitetini ovaxtkı Lenin təqaüdü ilə başa vurmasından, bir çox xarici ölkənin qabaqcıl təcrübələrindən bəhrələnməyindən söz açaq. Qardaşı jurnalist, “anaveushaq.wordpress.com” saytının rəhbəri Akif Əhmədov onu “xəyal və romantikası çox güclü” insan kimi səciyyələndirir. Qardaşının uşaqlıq və gənclik illərini xatırladan A.Əhmədov yazır ki, İlhamın düşüncə və təfəkkür səviyyəsi yaşını çox qabaqlamışdı”. Üstəlik, İlham müəllimin ədəbiyyata sevgisi, dünya bədii sənət nümunələrini mütaliəsi onun şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Erkən yaşlarda təzahür edən xəyalpərvərlik insanın hərtərəfli biliyə can atması ilə, universal düşüncə tərzi ilə bağlıdır. Düzü, bu yazıya başlamaq istərkən mən də xəyalən öz daxili aləmimə qısa ekskurs etməli oldum. Yəqin etdim ki, romantikadan, xəyal qurmaq qabiliyyətindən məhrum adam elmin, rasionallığın dərinliklərinə baş vura bilməz. Həsən bəy Zərdabilər, Nəriman Nərimanovlar, Abbas Səhhətlər, Nəcəf bəy Vəzirovlar “qupquru səhrada” boy atıb yetişə bilməzdilər. A.Eynşteynin belə bir sözü var: “Məntiq sizi A-dan B-yə çatdıracaq, təxəyyülünüz isə sizi hər yerə apara bilər”. Yuxarıda İlham Əhmədovun qardaşı istedadlı filoloq, bədii sözün bilicisi Akif müəllimdən sitat gətirdim. Elə Aşıq Ələsgər epizodunun da mətnə əlavə edilməsində elm adamlarının bədii-emosional obrazlarını nəzərə çatdırmaq məqsədi güdülür. Bu cür kadrların topluma daha çox faydalı ola bilməsi tarixən təsdiq olunmuş həqiqətlərdir. Mənə elə gəlir ki, İlham Əhmədovun seçdiyi, tədris etdiyi ixtisas və temaların iliyində humanitar biliklərin payı çoxdur. Bu bütövlük onun elmi, ictimai resurslarını stimullaşdıran faktor kimi çox dəyərlidir.

İ.Əhmədov 2000-də “Prostat vəzi xərçənginin diaqnostikası üsullarının müqayisəli xarakteristikası” mövzusunda namizədlik, 2010-da “Erektil disfunksiyanın diaqnostikası və müalicəsi” mövzusu üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Həm namizədlik, həm də doktorluq dissertasiyasının elmi rəhbəri sevimli müəllimi, böyük səhiyyə təşkilatçısı və alimi, AMEA-nın muxbir üzvü S.B.İmamverdiyev olmuşdur.

İ.Əhmədov Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının professoru kimi Azərbaycan üçün yeni olan bu sahənin ilk yaradıcılarından biridir. Ayrı-ayrı vaxtlarda, 2003 – 2018-ci illərdə hər dəfə iki, altı ay olmaqla İstanbul Universitetinin tibb fakültəsində, Türkiyə Səlcuq Universitetində, Ankarada, Konyada, Elazığ Universitetində, İngiltərədə androloji əməliyyat, rekonstruktiv androloji əməliyyat kurslarını, endouroloji, perkutan nefrolitotomiya, mikroskopik androloji əməliyyat, laparoskopiya kurslarını keçməsi İ.Əhmədovun nəzəri və praktiki bacarıqlarının dərəcəsini göstərməyə əsas verir. Topladığı zəngin təcrübə, müəllifi olduğu çox saylı məqalələr İlham müəllimin uzun illər yorulmadan öz üzərində çalışdığının parlaq sübutudur. RTEA-nın və UASTA-nın professoru, Avrasiya Androloji Konseynin İdarə Heyətinin üzvü, Avropa Uroloji Cəmiyyətinin həqiqi üzvü, Amerika Seksual Tibb Cəmiyyətinin üzvü, Azərbaycan Andrologiya və Reproduktiv Təbabət Assosiasiyasının sədri olması onun elmi nüfuzunun daha bir göstəricisidir. 60-dan çox elmi məqalənin, iki metodik vəsaitin, bir monoqrafiyanın və “Andrologiya” dərsliyinin müəllifidir. “Urologiya və Reproduktiv Təbabət” jurnalının redaktor muavını və təsısçısıdir. Jurnal  elmi məqalələr dərc edən nəşrlər siyahısına əlavə edilmişdir. Professor İlham Əhmədovu Azərbaycan üçün çox yeni olan andrologiya sahəsinin ilk yaradıcılarından hesab etmək olar. Azərbaycanda ilk peyronie düyününün rezeksiyası və gizli vena parçası ilə qreftləmə (2004), penil protez implantasiya əməliyyatı(2006), habelə penisin plastik və rekonstruktiv əməliyyatları(2007) və mikroskopik varikoselekomiya əməliiyyatlarının icrası professor İlham Əhmədovun adı ilə bağlıdır.

O, tez-tez xarici ölkələrdə - Türkiyə, Avstriya, Belçika, Rusiya, Ukrayna, Qırğızıstan, Özbəkistan, İspaniya, ABŞ, İtaliya, Macarıstan, Rumıniya, Albaniya, Almaniya, Fransada bir çox maraqlı məruzələrlə çıxış etmiş, bu iclasların bir neçəsinə sədrlik etmiş, dünya andrologiyasının nəzəri və praktiki həlləri üçün Azərbaycan səhiyyəsinin, Azərbaycan elminin, Azərbaycan aliminin töhfələrini vermiş və verməkdədir.

Xülasə şəklində təqdim etdiyimiz bu qədər geniş yaradıcı fəaliyyətin arxa qatında altmış illik bir ömrün keçdiyi şərəfli yol, o yolun baharlı, zimistanlı iqlimləri dayanır. O müəllim, o həkim yaxşı müəllim, yaxşı həkim sayılır ki, o öz üzərində daim çalışır, oxuyur, öyrənir, təcrübə toplayır. Dünyada gedən elmi-texnoloji tərəqqi fonunda Respublikamızda da səhiyyə xidməti gündən-günə yeniləşir, təhsil sektorunda və sağlamlıq mərkəzlərində yüksək ixtisaslı müəllim və həkimlər çalışırlar. Müstəqil və qalib Azərbaycanın əldə etdiyi nailiyyətlərdən biri yeni tibbi avadanlıqlar, ən müasir metod və üsullarla işləyən səhiyyə ocaqları və yüksək ixtisaslı həkim – müəllim personalıdır. Belə şəraitdə irəli çıxmaq, müalicə və diaqnostika sahəsində yeni texnologiyalarla, mexanizmlərlə işləmək işçidiən təkcə istedad və bilik yox, həm də səriştə və təşəbbüskarlıq tələb edir. Bu bir peşəkarlıq nümunəsidir, zəhmət və çalışqanlıq projesidir. 
İlham müəllimin övladları da atalarının yolunu davam etdirirlər. Oğlu Cavid Türkiyədə ingilis dilində ali tibb təhsili almış, qızı Pınar isə orada hazırda tibb üzrə təhsilini davam etdirir. 
İlham müəllimin həkimlik fəaliyyəti dövründə insanların sağlamlığa qovuşması epizodları ayrıca bir maraq doğuran söhbətin mövzusudur. Onun xeyirxah, şəfaverici həkim obrazı ölkədə uzaqdan-yaxından çox adama bəllidir. 
Ömrünün 60 illik zamanını başa vurmuş olan bu gözəl insanı qarşıda yeni tədqiqatlar, yeni uğurlar gözləyir. Biz də alimin yubiley sevinclərini bölüşür, ona can sağlığı, uzun ömür arzulayırıq. 

Zakir Məmməd,
Şair, ədəbiyyatşünas, R.Rza adına Beynəlxalq Ədəbiyyat və Ə.Salahzadə adına “Avanqard” poeziya mükafatları laureatı