19 mart 2024 12:41
1063

NATO Baş katibinin COP29-la bağlı Azərbaycana dəstəyi ölkəmizin qlobal nüfuzunun göstəricisidir - EKSPERT/EKSKLÜZİV

NATO Baş katibi Yens Stoltenberq, Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə iqlim dəyişikliyi mövzusunda vacib bəyanatlar verdi. İqlim dəyişikliyi dünyanın yaşadığı qlobal böhrandır. İqlim böhranının effektləri dünyanın hər yerində, o cümlədən Azərbaycanda müşahidə edilir. NATO Baş katibinin dediyi kimi, enerjiyə olan tələbatı anlayırıq, lakin həmçinin qlobal istiləşməyə qarşı mübarizə aparmaq lazımdır. Azərbaycan daim iqlim dəyişmələri məsələsinin həllində intensiv rol oynayır.

Qazıntı yanacağı ilə zəngin ölkələr "yaşıl enerji"yə keçiddə ön sıralarda olmalıdır

Ölkəmizdə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Şübhəsiz ki, rəqabətqabiliyyətli iqtisadiyyatın dayanıqlı inkişafı, ölkənin təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi kimi əsas prioritetlərin reallaşması bu addımla daha real görünür. Bir müddət öncə ölkə başçımızın "Euronews" telekanalına müsahibəsində qeyd etdiyi kimi, qazıntı yanacağı ilə zəngin ölkələr "yaşıl enerji"yə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımızın çatışmadığına görə etmirik, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Biz hər il bunu Bakıda görürük.

Bu fikirləri “Sağlamlığa Xidmət” İctimai birliyinin direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva “İki sahil”ə özəl açıqlamasında bildirdi.

Stoltenberqin Azərbaycanın alternativ enerjiyə olan marağını vurğulanması bu sahəyə investisiyaların artırılacağına bir işarədir

O, qeyd etdi ki, Azərbaycanın alternativ enerjiyə olan marağının Baş katib tərəfindən vurğulanması və onun Azərbaycanın Günəş və külək enerjisi potensialına diqqət çəkməsi bu enerji növünə olan investisiyaların artırılacağına bir işarədir və bu istiqamətdə Avropa bazarında Azərbaycanla tərəfdaşlığın inkişafına təkan verə bilər. NATO kimi böyük və nüfuzlu beynəlxalq təşkilatın rəhbər şəxsinin COP29-a ev sahibliyi edəcək Azərbaycan barədə dəstəkləyici bəyanat verməsi tarixi bir hadisədir və ölkəmizin qlobal aləmdəki imicinin və çəkisinin nə dərəcədə güclü olmasından xəbər verir.

Pərvanə Vəliyev onu da bildirdi ki, dünyada elə bir ölkə yoxdur ki, qazıntı yanacağı istifadə etmədən və güclü karbon emissiyaları olmadan böyüsün. Çünki ölkələr infrastrukturun, iqtisadiyyatının qurulması, əhalinin rifahı üçün bunu etməli olublar. Daha sonradan güclənən ölkələr yaşıl enerjiyə keçid edib. Alternativ və bərpa olunan enerji ehtiyatları ilə yola davam etmək və qazıntı yanacağından birdən-birə imtina etmək heç də asan iş deyil. Bu, çox böyük maliyyə, sistem, elm, resurslar və dəstək tələb edir və heç bir dövlət iqlim dəyişikliyinin təsirləri ilə təkbaşına mübarizə apara bilməz, bunun üçün qlobal həmrəylik gərəkdir. Dünya iqlim dəyişikliyi böhranına və qlobal istiləşmənin hədəflərə uyğun məhdudlaşdırılmasına ancaq birgə səy və bir-birinə dəstək nəticəsində nail ola bilər.

Yaqut Ağaşahqızı, “İki sahil”