19 mart 2024 12:41
806

“Azəriqaz” Novruz bayramında gücləndirilmiş iş rejimində çalışacaq

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

"İki sahil"in “Azəriqaz”a istinadən verdiyi məlumata görə, əsasən Qəza xidmətinin əməkdaşları baş verə biləcək hər hansı bir qəza halının (qaz sızması, qaz xətlərinin müxtəlif səbəblərdən zədələnməsi, sayğaclarda nasazlıq və s.) dərhal aradan qaldırılması üçün növbəlilik tətbiq etməklə iş başında olacaqlar.

Məlumatda deyilir ki, Bakı Regional Qazın Satışı Departamentinin 24 nəfər mühəndis heyəti də Departamentin inzibati binasında və Qaradağ xidmət sahəsində 20-26 mart, Xəzər, Sabunçu və Abşeron xidmət sahələrində isə 22-26 mart saat 10:00-dan 14:00-dək xidmətlərini icra edəcəklər. 24 mart tarixində isə yalnız Sabunçu xidmət sahəsində xidmət göstərilməyəcək.

Əlavə olaraq qeyd edilib ki, “ASAN Kommunal” mərkəzləri martın 25-də tam şəkildə fəaliyyətinə davam edəcək.

Qurum abonentlərdən xahiş edir ki, qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olarsa, 24/7 fəaliyyət göstərən 104 Çağrı Mərkəzinə zəng edərək və ya 077 3 104 104 “Whatsapp” nömrəsinə yazaraq məlumat versinlər.