Ürək xəstəlikləri bütün dünyada başda gələn ölüm səbəblərindəndir. Statistikaya görə hər il 17 milyon insan miokard infarktından həyatını itirir. Yaşlılıq, siqaret, diabet, artıq çəki, yüksək təzyiq, yüksək xolestrol, stressli həyat tərzi, qeyri-sağlam qidalanma, fiziki aktiv olmama kimi səbəblərdən ürək damar xəstəlikəri çox ciddi şəkildə artıb. Ürək xəstəlikləri, ürəkdə yaranan və ürəyə təsir edən hər hansı bir problemi əhatə edən termindir.
Bu sözləri “İki sahil”ə açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinin müdiri, invaziv kardioloq Şəfəq Nəzirova bildirdi.
Kardiloq bildirdi ki, ürək xəstəlikləri başlığı altında koronar arteriya ( ürəyi qidalandıran damarlar) xəstəliyi kimi ürək damar xəstəlikləri, ürək ritm problemləri ( aritmiyalar) , anadangəlmə ürək qüsurları yer alır. Bu saydığım əsas ürək xəstəliklərinin əlamətləri bunlardır: Təngnəfəslik, döyüntü, gücsüzlük və baş dönməsi, mədə bulantısı, tərləmə, bayılma və s.
Ürək damar xəstəlikləri ekoloji mühit və genetik faktorlara bağlı olan kompleks xəstəlikdir. Ailə keçmişi bu xəstələr üçün çox önəmlidir. Belə ki, pasiyentin ailə keçmişində bir ürək xəstəliyi hekayəsi ( ana, ata, bacı, qardaş kimi birinci dərəcəli yaxınlarında, 55 yaşdan öncə yaranan) olarsa , bu pasiyentdə ürək xəstəliyinin riski digər insanlara görə yüksəkdir.
Yaqut Ağaşahqızı, “İki sahil”