Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramdır
Elimizin müqəddəs bayramı olan Novruz bayramıdır. Novruz bayramı xalqımızın milli-mənəvi irsini təcəssüm etdirən, xalqın tarixi kökünü, yaddaşlardan süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan milli bayramdır. Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində qeyd edildiyi kimi öz mənşəyini tariximizin dərin qatlarından alan qədim Novruz bayramı ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını, geniş dünyagörüşünü və gələcəklə bağlı nikbin düşüncələrini dolğun təcəssüm etdirir. Onda cəmiyyətin təbiətlə vəhdətinin və insanlığa xas ali dəyərlərin – xeyirxahlığın, mərhəmətin, şəfqətin təntənəsi vardır. Milli özünüdərkin təşəkkülündə mühüm rol oynamış bu əziz bayram yurdumuzda, yüz illər əvvəl olduğu kimi, indi də xoş ovqatda rəngarəng mərasimlər və çoxsaylı el şənlikləri ilə qarşılanır. Builki Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin başlanğıcına təsadüf etməsi ilə əlamətdardır. Yaz fəslinin yeniləşdirici ab-havası daha güclü Azərbaycan naminə hər birimizin qurub-yaratmaq əzmini artırır. Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi var. Sovet dövründə Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız onu həmişə qeyd etməyə can atıb. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində bu bayram UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.
Bu bayramın ən əhəmiyyətli hissələrindən biri də Novruz çərşənbələridir. Novruz çərşənbələri, qədim zamanlardan bəri Novruz bayramının müqəddəs hissəsi kimi qeyd edilir və hər bir çərşənbə xüsusi mənası və ənənələri ilə seçilir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova mövzu ilə bağlı İki sahil”ə eksklüziv açıqlamasında bildirdi ki, Novruz bayramı yazın gəlişi ilə əlaqədar olaraq təbiətin oyanmasını və ölüb-dirilmə mərhələsini əks etdirir: “Novruz- çilə çəkdiyimiz qış gecələrinin yekununda yaza açılan yeni gün deməkdir. Bayram öncəsi dörd çərşənbə gerçəkləşir. Hər çərşənbə də Novruza bir addımın qalmasını göstərir. Bu il çərşənbələr fevralın 27-dən başladı. Bu da boz ayına təsadüf etdi. Bu, həm də qışla yazın mübarizəsi deməkdir. Dörd çərşənbədən öncə hələ bir çərşənbə də yalançı çərşənbədir ki, o da bu il fevralın 21-nə təsadüf etdi. Yalançı yəni beşinci çərşənbədə heç bir özəlliklə heç təam bişirilmir, süfrələr qurulmur. Sadəcə bəzi yerlərdə xüsusən Qarabağ bölgəsində evlərin giriş qapısının ağzında kiçik ocaq qalanır. Bu da yazın gəlişinə inam və ümidlərin artdığına bir işarədir. Təbii ki, dörd çərşənbə ilə gerçəkləşən Novruz bayramında artıq insanın, təbiətin, həyatın və dünyanın yaradılışı ilə bağlıdır.”
Folklorşünas qeyd etdi ki, çərşənbəmiz Su çərşənbəsi ilə başlayır. Hər kəsə bəllidir ki, su yaradılış və törəniş deməkdir. Su həm də varlıq və var olmaq deməkdir. İnanca görə, ilk dəfə dünya bərqərar olanda suyun üzərində qurulub. Bununla da bərabər insan da dünyaya gələndə ana bətnində döl olaraq suda mayalanır. Biz arınmaq, sudan durulmaq, suda paklanmaq və yeni doğulmaq missiyasını daşıyan bu çərşənbədə su kultunu icra edirik, insanların suya olan inamını müqəddəsləşdiririk. Su çərşənbəsində bir-birimizin üzərinə su çiləyər, suyun üzərindən atlanar, ağrımızı, dərdimizi suya danışar, suya niyyət edərik. Suyu içib durularaq evdə olan xəstələrin, körpələrin üzərinə su çiləyərik ki, köhnə ildən qalma bütün neqativ ağrılarımız o su ilə yuyub, axınıb getsin. Bu çərşənbədə suyun mələklərinə inam etiqadı var. Suyun öz sahibləri var. Suyun üzərinə gedən böyüklərimiz ona salam verərdilər, suyu müqəddəsləşdirən böyüklərimiz suyun mələklərinə and içərdilər.
Həmsöhbətimiz ikinci çərşənbənin əhəmiyyət və özəlliklərindən də söz açdı: “Od çərşənbəsi təbiəitin, havanın isinməsi və odun, ocağın qalanması ilə yanaşı, həm də xeyirin şər üzərində qələbəsi, insanların oda, ocağa sitayiş edib, od kultunu müqəddəsləşdirməsi və odun üzərindən atlanaraq ağrı-acılarını dərd-sərlərini odda yandırıb, oddan arınmaq, paklanmaq və durulmaq deməkdir. Od çərşənbəsində odun üzərindən keçdikdən sonra insanların antik düşüncəsindən günümüzə qədər odda yandırılan bir il öncəki bütün problemlər , ağrı-acı növbət ildə daha sağlam ruhda həyata qədəm qoymasını simgəsidir”.
İlhamə Qəsəbovanın sözlərinə görə, ilk çərşənbə el arasında su çərşənbəsi, əzəl çərşənbə, cıvrıxçı, cıdırçı, yaxud xəbərçi çərşənbəsi adlanır. Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Üçüncü çərşənbə adlanan Yel çərşənbəsi Qarabağ və Qərb bölgəsində Torpaq çərşənəbsi adlandırılır. Belə adlandırılmasının səbəbi odur ki, insanın oddan, sudan, torpaqdan güman edirlər və oddan, sudan yaranan insan əslində su biz tərpətdisə, oyatdısa, bizə paklıq, müqəddəslik verdisə, su bizim dirilişimizdirsə, odda bizə istilik verdisə bu dirilişi, təbiətin istiliyini əks etdirdisə bundan sonra günəniş istiliyi torpağa istilik keçir.
Folklorşünas vurğuladı ki, üçüncü çərşənbə isə yelli, küləkli, külək oyadan çərşənbə kimi adlansa da, Qərb və Qarabağ bölgəsində ona qara çərşənbə, qara bayram, torpaq çərşənbəsi deyənlər də çoxdur. Bu çərşənbədən bir gün öncə insanlar qəbir üstünə gedir, orada təmizlik işləri aparırlar, ziyarətə gedəndə xonçalar düzəldilir, səmənilər aparılır, təamlardan, şamlardan da istifadə olunur. Bunun əsas məqsədi bayram günü doğmalarını yad etməkdir. Bu ziyarətin digər səbəbi odur ki, qəbirüstündəki təamlardan, azuqələrdən ehtiyacı olan insanlar gəlib götürsünlər.
Müsahibimizin sözlərinə görə, Yel çərşənbəsi qədim əcdadlarımızın yel tanrısına olan etiqadı ilə bağlıdır. Onlar “yel baba” deyərək onu çağırır, xırmandakı dənin sovrulmasını istəyirlər, dən dağılıb dağ olarsa, yel babamız sağ olsun deyərək, yelə olan inamm həm də bizim İslamdan öncəki inanc sistemimizə dayanır. Bildiyimiz kimi, o vaxt çoxallahlılığa inam var idi. Yelə, oda, ağac kultuna müqəddəsləşdirib inanmaq və o inanc sistemi də Novruz bayramında sistemləşərək günümüzə gəlib çıxmışdır. Novruzun dördüncü çərşənbəsi Torpaq çərşənbəsində bayramdan gözəl, təmtəraqlı süfrələr qurulur, Novruz bayramını çox gözəl şəkildə qeyd edirlər. Bəzi bölgələrimizdə ikinci və sonuncu çərşənbədə lopaqlar yandırılır və göyə atılır. Həmin lopalar da yerin göy üzərində, günəşin qaranlıq üzərində qələbəsi, yazın da qış üzərindəki qələbəsi kimi simgələnir. Novruzun axırıncı çərşənbəsində insanlar ürəklərində bəslədikləri arzu və niyyətlərin gerçəkliyə qovuşmasına ümid edərək fallar, ayinlər icra edirlər. Sonuncu çərşənbədə qapılar taybatay açıq olar, heç bir evdə neqativ söhbət olmaz ki, qapı pusma zamanı kiminsə arzusunun çin olmasına mane olmasınlar. Novruz bayramının ən gözəl atributlarından biri kosa və keçəlin oyunudur. Onlar qışı və yazı tərənnüm edirlər. Bütün bunlar əcdadlarımızın təbiət hadisələrinə və kosmik inanc sisteminə dayanması ilə bağlıdır. Onların düşüncəsinə görə insanın, torpağın, təbiətin yenidən dirilməsi həyatın yenidən başlanğıcı sayılır. Məhz bu səbəbdən Novruz bayramı həm də Yeni gün deməkdir.
Həmsöhbətimiz bayramda süfrələri bəzəyən ləziz təamlardan söz açdı: “Hər bölgənin özünün mətbəxinə uyğun olan yeməklər süfrələrə verilir. Bu yeməklərin içərisində plovumuz süfrələrin bəzəyidir. Bəzi bölgələrimizdə balıqlar qoyulur süfrəyə, balığın dişinə qızıl üzük keçirilir, bunun mənası odur ki, ili ruzili-bərəkətli, bolluqla keçirilməsi anlamındadır. Qədim dövrdən sacın altında bişirilən kömbə, əydək deyilən şirniyyat növlərimiz var idi ki, günəşin rəmzi sayılırdı.”
Əziz xalqımız, qoy Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” adlandırılan 2024-cü il dünyamız, xalqımız üçün yaşıl-yaşıl arzu və ümidlərin al-əlvan çiçəklər açdığı il olsun!
Yaqut Ağaşahqızı, “İki sahil”