20 mart 2024 13:20
740

Bu yaz bir başqa yazdır...

Novruz bayramı Şimal yarımkürəsinə, Azərbaycana yazın gəlişini simvolizə edən, çox qədim zamanlardan xalq arasında bir ənənəyə çevrilən qədim xalq bayramıdır. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar  yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd etmiş, şənliklər keçirmişlər

Bütün varlığı, qəlbi, ruhu ilə doğma xalqına bağlı olan Ümumilli lider Heydər Əliyev hakimiyyətdə olduğu illərdə xalqının milli adət-ənənələrinin, əxlaqi dəyərlərinin qorunub saxlanılmasında misilsiz və unudulmaz xidmətlər göstərmişdir. Ulu öndərin qəlbində ana təbiətin oyanışının, həyatın yenilənməsinin, ümidlərin, arzuların çiçəklənməsinin, insanlar arasında bərabərliyin, həmrəyliyin rəmzi sayılan Novruz bayramına xüsusilə dərin bir sevgi vardı. Hər birimizin yaxşı yadındadır ki, Heydər Əliyev sağlığında bu əziz bayramda xalqın arasında olmaqdan sonsuz qürur hissi duyar, bayram münasibətilə təşkil olunan təntənəli tədbirlərdə iştirak edər, sadə insanlarlarla səmimi söhbətlər edərdi. Ulu öndər həmin sevincli anlarda qəlbindən dilinə axan ülvi arzu və diləklərini əhali ilə bölüşməkdən xüsusi zövq alardı.

2000-ci ilin Novruz şənliklərinin birində Ulu Öndər çıxışında qeyd etdi ki,  bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir.

Heydər Əliyev doğma xalqını sonsuz bir məhəbbətlə sevirdi. O əmin idi ki, xalqımızın həyatı gündən-günə yaxşılaşacaq, Azərbaycan yüksələcək və respublikamızın hər bir sakini rahat və xoşbəxt yaşayacaqdır. Bəli, bu gün Azərbaycan dövləti güclü və yenilməzdir, ölkə vətəndaşları azad və xoşbəxtdirlər. Bu gün torpaqlarımızı yad caynağından xilas edən Müzəffər Ali Baş Komandan İlham Əliyev azad Qarabağdan dünyaya Zəfər və ədalət mesajları yollayır. Bu gün Novruz şənlikləri Xankəndiyə də qayıdıb. Böyük Qayıdışın rəmzinə çevrilmiş Ağalı kəndində və yenidən qurulmuş digər ərazilərimizdə Novruz bayramı böyük təmtəraqla qeyd edilir. Sevincimiz əbədi olsun! Qoy, qəlbimizdən Vətən sevgisi və bahar sevinci heç vaxt əskik olmasın!

Elvin Əlizadə,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi