21 mart 2024 03:14
455

Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur

Məlum olduğu kimi Azərbaycanla NATO arasındakı əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması ilə başladı. NATO ilə Azərbaycan arasındakı əhəmiyyətli tərəfdaşlıq isə 1994-cü ilə təsadüf edir. Bu tərəfdaşlıq Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyuldu. Bu gün də bu əməkdaşlıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müsbət səviyyədə davam etdirilir.

17 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Azərbaycana səfər edən NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşü oldu. Görüş zamanı İlham Əliyev Azərbaycanla NATO-nun əməkdaşlığının  30 ildən artıq müsbət şəkildə davam etdiyini, hətta 2021-ci ilin axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələrin bizim hərbi qulluqçular olduğunu da vurğuladı. Bundan başqa dövlət başçısı 30 il ərzində Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı işğaldan azad etmək üçün dəfələrlə danışıqların aparılmasını, sonda  Azərbaycan BMT Nizamnaməsinə əsasən   özünümüdafiə hüquqlarından istifadə edərək öz ərazi bütövlüyünü  hərbi-siyasi yolla həll etdiyini bildirdi. Lakin təəssüflər olsun ki, artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Buna səbəb isə  Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini özü bərpa etdi və bu, uzun sürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsinə çevrildi. Dövlət başçısı qeyd etdi ki, hazırda biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Azərbaycan belə bir təşəbbüs irəli sürüb və Ermənistanın cavabını gözləyir. Əlbəttə ki, sülh danışıqlarına başlamaq Azərbaycanın təşəbbüsüdür. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub.  Ölkə rəhbəri bildirdi ki, təəssüflər olsun ki, işğal dövründə danışıqlar heç bir nəticə verməmişdi. 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsi olmadı. İndi isə Azərbaycanın ərazi bütövlüyünün bərpası sayəsində aparılan danışıqlar nəhayət müsbət nəticə verə bilər. Sülhün bərqərar olunması Cənubi Qafqazda çox ciddi dəyişikliklərə gətirib çıxaracaq. NATO-ya üzv olan ölkələr qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşlarıdır. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı təbii ki daha da artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir.

Ümumiyyətlə, Azərbaycan NATO ilə əməkdaşlığa başladığı gündən üzərinə düşən hər bir vəzifəni layiqincə yerinə yetirib və bundan sonra da bu əməkdaşlığın möhkəm olması üçün əlindən gələni əsirgəməyəcək.

Səbinə Məmmədova,
Xətai rayonu, 287 nömrəli Zəkalar liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü