21 mart 2024 23:47
465

Qabriel Attal niyə sərsəmləyir? ŞƏRH

Fransa dünyaya “demokratiya dərsi” keçir, yeri gəldi-gəlmədi insan haqlarından, demokratiyadan, qanunun aliliyindən dəm vurur. Amma rəsmi Paris Azərbaycanla Ermənistan arasında sülh prosesini əngəlləmək, iki qonşu ölkəni yenidən hərbi toqquşmalara cəlb etmək məqsədilə bütün vasitələrdən istifadə etməkdədir. Niyyəti isə  təcavüzkar ölkəyə “gün ağlamaq” adı altında neokolonializm siyasətini Cənubi Qafqaz regionuna  daşımaqdır. Elə bu niyyətlə də Fransa rəsmiləri sözügedən ölkənin iç üzünü açıb bütün dünyaya göstərən Azərbaycana qarşı qərəzli mövqeyini sərtləşdirməkdədir. Belə ki, martın 20-də Fransa Respublikasının Baş naziri Qabriel Attal Fransanın Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının illik tədbirində ölkəmizin əleyhinə əsassız iddialar söyləyib. Daha doğrusu, o, Azərbaycanın öz suveren ərazilərində yerləşmiş Ermənistan silahlı qüvvələrinin qalıqlarına qarşı aparılmış antiterror tədbirlərini qınayıb və Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməkdə təqsirləndirib. Bəli, Fransa Azərbaycanı ərazilərini 28 illik işğaldan azad etdiyinə görə qınayır, lakin "eyni zamanda" Rusiyanın zorla girdiyi və işğal təhlükəsi ilə üz-üzə qalan Ukraynanı dəstəkləyir. O, Rusiyaya qarşı tətbiq olunan sanksiyalarda iştirak edir, lakin “bacı”sı Ermənistanın bu sanksiyalardan yan ötdüyünü qəbul edir. Bu, Makron hakimiyyətinin neokolonist və işğalçılıq siyasətinə davam etdiyini bir daha sübuta yetirir.
Onun heç bir fakta əsaslanmadan Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməkdə təqsirləndiriməsi də olduqca gülməlidir. Bu, “siyasətçi” hələ də anlamır ki,  Azərbaycan düşmən tapdağı altında olan ərazilərini azad edib. Bu, Azərbaycanın suveren hüququ idi ki, öz ərazisinə tam şəkildə nəzarəti həyata keçirsin. Digər tərəfdən,  Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin bildirdiyi kimi, Azərbaycanın həyata keçirdiyi tədbirlər beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Fransanın daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələri ilə tam uyğundur. Otuz ilə yaxın müddətdə davam etmiş Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmayan Fransanın heç bir əsas olmadan Azərbaycanı güc tətbiqində təqsirləndirməsi absurddur. Yeri gəlmişkən, dünyanın bir sıra ölkələri, həmçinin bəzi beynəlxalq qurumlar Azərbaycanın haqq işini dəstəkləyiblər.
Azərbaycanın uğurlarını həzm edə bilməyən Makron Fransası ümid edir ki, təcavüzkar ölkəni bu şəkildə dəstəkləməklə bölgədə  gərginlik yaradacaq və bundan istifadə edib çirkin məqsədini həyata keçirəcək. Amma Fransa rəsmiləri anlamalıdırlar ki, atdıqları bu kimi  bu addımlarla heç nə əldə edə bilməyəcəklər. Necə ki, nail ola bilmirlər. Xatırladaq ki, Fransa son illər bu  kimi məsələləri  dəfələrlə BMT TŞ-na çıxarıb,  lakin orada Azərbaycan əleyhinə təkliflər gündəliyə salınmayıb. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan öz müstəqilliyinə və tam suverenliyinə qovuşmaq üçün beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində hərəkət edib. Paris Avropa İttifaqında Azərbaycana qarşı sanksiyalar tətbiq etmək üçün qətnamə qəbul olunmasına çalışsa da, yenə fiaskoya uğrayıb.
Prezident İlham Əliyev bu yaxınlarda əbəs yerə bəyan etməmişdi ki, Cənubi Qafqazda aparıcı mövqeyə sahib olmaq siyasəti yürüdən Fransa regionda odun üstünə benzin tökmək prinsipindən çıxış edir, Ermənistan isə militarizasiya siyasəti aparır. Dövlətimizin başçısı onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu da sözlərinə əlavə etmişdi. 
 

Qvami Məhəbbətoğlu, “İki sahil”