22 mart 2024 15:16
538

"Toplum TV" və sifarişçilərinin niyyətləri iflasa uğradı: Qeyri-qanuni qrant vəsaitlərinin məqsədi...

"Toplum TV"-yə Qərbdən axan böyük məbləğlərdə pullar:  Hədəf Azərbaycanın milli maraqları olub

Azərbaycan 44 günlük Vətən müharibəsinin, eləcə də 23 saatlıq antiterror tədbirlərinin yaratdığı reallıqlarla heç cür barışa bilməyən Qərbin, xüsusilə Fransanın aqressiyası və qərəzi ilə üz-üzə qalıb. Qərb bu prosesə Avropa Şurasının Parlament Assambleyası, Avropa İttifaqı və digər qurumlarla yanaşı, USAID, "Human Rights Watch", "Amnesty International" kimi "ixtisaslaşmış" təsisatlarını, həmçinin başqa strukturları da cəlb edib. Həmin  strukturlar arasında əmək haqqı fondunun hansı mənbədən formalaşdırılması barədə bilgi verilməyən, amma kifayət qədər böyük maliyyə dövriyyəsi mövcud olan, Qərbin sifarişlərini yerinə yetirən “Toplum TV” də vardır. “Toplum TV”nin maliyyə qaynaqları sırasında görünən yalnız bir mənbə var ki, o da qrantlardır. Elə bu səbəbdən bu qurumun bəzi əməkdaşları hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar. 

Hüquqi nəzarət mexanizmlərindən yayınmaq üçün həm xarici ölkələrdə nağdlaşdırıblar, həm də...

Artıq “Toplum TV”nin Qərbdən alınan vəsaitlərin qarşılığında hansı sifarişləri yerinə yetirdiyi arqumentlərlə isbat edilib. Bu günlərdə isə
“Toplum TV”nin xaricdən cəlb olunmuş qeyri-qanuni qrant vəsaitləri hesabına fəaliyyət göstərdiyini əks etdirən yeni məlumatlar ortaya çıxıb.
Məlum olub ki, hazırda bu iş üzrə saxlanılan şəxslər müxtəlif beynəlxalq donor təşkilatlarının - Çexiyanın "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi"nin, "People in Need"in, “Zinc Network”in, “Open İnformation Partnership”in, “Transitions”in, “OC Media”nın və digərlərinin qrant layihələrindən qeyri-qanunu şəkildə külli miqdarda pul əldə ediblər. Layihələr üzrə verilən vəsaitlər Azərbaycan, Gürcüstan və bəzi Avropa ölkələrindəki banklar üzərindən köçürmələr edilib. Həmin vəsaitlər hüquqi nəzarət mexanizmlərindən yayınmaq üçün həm xarici ölkələrdə nağdlaşdırılaraq müxtəlif yollarla ölkəyə gətirilib, həm də ölkə daxilində əsas məqsədi gizli saxlanılan bank hesabları vasitəsilə nağdlaşdırılıb. Şübhəsiz, bütün bunlar qanun pozuntusudur. Yeri gəlmişkən qeyd edək ki, həmin layihələrin heç biri Ədliyyə Nazirliyində qeydə aldırılmayıb. 

Akif Qurbanovun dirijorluğu ilə...

O da məlum olub ki, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov xarici təşkilatlardan qrantlar əldə etmək üçün müvafiq sənədlər hazırlayaraq təqdim edib. Ələsgər Məmmədlinin hüquqi təsisçisi olduğu “Toplum TV”nin redaksiyası da Demokratik Təşəbbüslər İnstitutunun ofisində fəaliyyət göstərir. Eyni zamanda, “Toplum TV”nin Demokratik Təşəbbüslər İnstitutu ilə koordinasiyası təmin edilib. Daha doğrusu, Akif Qurbanov ictimiyyətdən gizli fəaliyyəti sayəsində bu işlərə sözün həqiqi mənasında dirijorluq edib. Yəni bu maxinasiyaların əsas siması olub.
Araşdırmalardan aydın olur ki, məhz Demokratik Təşəbbüslər İnstitutunun üzvü Əli Zeynalov 2021-ci ildən 2024-cü ilədək hər ay yuxarıda qeyd olunan təşkilatlardan pul vəsaitləri əldə edib. O, bu vəsaitləri əldə etmək üçün müxtəlif xarici və yerli banklarda açdığı hesablardan yararlanıb. Əldə olunmuş vəsait isə “Toplum TV”yə, eləcə də  hələlik məlum olmayan digər məqsədlərə sərf olunub. Bəli, onlar da “Abzas Media” kimi ifşa olundular. Bununla da onların ölkəyə daxildən zərbə vurmaq  niyyətləri fiaskoya uğradı. Yaxın vaxtlarda Qərb ölkələrinin Azərbaycandakı səfirliklərini mat vəziyyətdə qoyacaq faktların  da açıqlanacağı şübhəsizdir.

Şər planları

Nəyin bahasına olursa-olsun Azərbaycanda sabitliyi pozmağa cəhd edən, beynəlxalq güc mərkəzlərinin ölkəmizi  şərləmək üçün qurduqları planları əsaslandırmaq üçün lokal təxribatlarla dəridən-qabıqdan çıxan xarici anti-Azərbaycan dairələr unudurlar ki,  xalqımız Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşib. Məhz bu səbəbdən təxribatyönümlü təşkilatların ələ aldıqları qrant şəbəkələri ayaq tutub çox uzağa gedə bilmirlər.  Biz həm “Abzas Media”nın, həm də “Toplum TV”nin timsalında bunun şahidi olduq. Bütün bunlar  Qərbin  Azərbaycanda indiyədək reallaşdırmağa çalışdığı növbəti "ssenari"lərinin uğursuzluğa düçar olması deməkdir. Bəli, bu gün özünün inkişaf dövrünü yaşayan, beynəlxalq aləmdə söz sahibi olan Azərbaycan suveren haqları və milli maraqlarını hədəfə alan istənilən cəhdin qarşısını almaqda qərarlıdır. Unutmayaq ki, qalib dövlət olaraq milli təhlükəsizlik məsələləri Azərbaycan üçün prioritetdir.

Qvami Məhəbbətoğlu, “İki sahil"