22 mart 2024 21:32
443

Azad olunmuş torpaqlarda Novruz əhval-ruhiyyəsi hökm sürür

Artıq 4-cü ildir ki, torpaqlarımızın düşmən işğalından azad edilməsi, ərazi bütövlüyümüzün tam şəkildə bərpa olunması nəticəsində qədim tarixi kökləri olan, xalqımızın həyatında xüsusi yeri olan Novruz bayramı bütün Azərbaycan ərazisində qeyd olunur.

Vətən müharibəsinin və antiterror tədbirlərinin nəticələri bir daha sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Hərbi ustalıq və peşəkarlıqla yanaşı, illərdir torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmrini gözləyən  əsgər və zabitlərimizdə olan yüksək döyüş ruhu Azərbaycana qələbəni gətirən ən önəmli faktorlardan biri oldu.

Bu gün ən başlıca vəzifə uğurla icra olunmuş və torpaqlarımız Möhtərəm Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyində geri qaytarılmışdır. İndi isə məqsəd illərdir öz doğma torpaqlarından didərgin düşmüş həmvətənlərimizin öz yurd-yuvalarına geri dönüşünün təmin olunmasıdır. Bu məqsədlə artıq 4-cü ildir ki, erməni vandalizmi nəticəsində dağıdılmış işğaldan azad olunan torpaqlarımızda bərpa-quruculuq işləri həyata keçirilir. Aradan az bir müddət keçməsinə baxmayaraq artıq bir çox ərazilərdə həyat bərpa olunmuş, illərdir öz yurd-yuvalarına həsrət qalmış vətəndaşlarımızın bir hissəsinin doğma torpaqlarına geri dönüşü təmin olumuşdur.

Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə nəzər saldıqda aydın şəkildə görünür ki, ötən illər ərzində dövlətimiz münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli istiqamətində bütün mümkün variantları dəyərləndirmiş, ancaq edilən bütün cəhdlər nəticəsiz qalmışdır. Xüsusilə son dövrlərdə Ermənistan rəhbərliyinin və onun havadarlarının münaqişənin sülh yolu ilə həllinə açıq şəkildə zidd bəyanat və davranışları Azərbaycana ərazilərimizin hərbi yolla geri qaytarılması variantından başqa seçim imkanı qoymamışdı. Yaranmış vəziyyəti doğru dəyərləndirərək, Azərbaycan xalqında da məsələnin sülh yolu ilə həllinə olan inamın tükəndiyini aydın sezən Cənab Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad olunması uğrunda milli mübarizənin başlanması əmrini verdi və Azərbaycan 44 gün davam edən hərbi əməliyyatları qələbə ilə başa vuraraq düşməni kapitulyasiya aktı imzalamağa məcbur etdi.

Heç şübhəsiz ki, Vətən yolunda öz canını fəda edən igid Azərbaycan əsgəri bu nailiyyətin əsas qəhrəmanı oldu. Xankəndidə Azərbaycan xalqına müraciətlə Novruz təbrikində Azərbaycan gəncliyinin öz milli-mənəvi dəyərlərinə bağlılığını, Vətən sevgisini xüsusi vurğulayan Cənab Prezident qeyd etdi: “Elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər.”.

Şübhəsiz ki, illər, əsrlər keçəcək, ancaq qəhrəman əsgər və zabitlərimizin şücaəti, qətiyyəti, döyüş ruhu, Vətən sevgisi heç zaman yaddaşlardan silinməyəcək. Xalqımız bu uğurda canından keçmiş əsgər və zabitlərimizin əziz xatirəsini daim yad edəcəkdir.

Açıq şəkildə Ermənistanı dəstəkləyən bəzi böyük güclərin həm müharibədən öncəki, həm də müharibənin gedişatı zamanı Azərbaycana Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həlli olmadığı və müharibənin dayandırılması istiqamətindəki təzyiqləri, nəticəsiz qalmaqla yanaşı, deyilənin əksinə beynəlxalq hüquq normalarına uyğun, ədalətli aparılan müharibənin münaqişənin hərbi yolla həlli ola biləcəyi reallığını ortaya qoydu. Məlum oldu ki, illərdir iki ölkə arasında münaqişənin “həlli” istiqamətində çalışan qüvvələrin əksinə, Azərbaycanın ədalətli və haqlı mübarizəsi nəticəsində əldə olunan qələbə, bu gün Azərbaycan və Ermənistan arasında olan münaqişəni sülh sazişi imzalanması mərhələsinədək gətirib çıxartdı.

Təbii ki, əldə olunan Şanlı Zəfərdə illərdir bütün istiqamətlər üzrə doğru şəkildə həyata keçirilən dövlət siyasətinin böyük payı var. Qeyd olunan məqama da toxunan dövlət başçısı vurğuladı: “Azərbaycan xalqı iyirmi il ərzində torpaqların azad olunmasına hazırlaşıb. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.”

Sentyabr ayında cəmi 24 saatdan da az bir müddət davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində işğaldan azad olunan tarixi Azərbaycan torpağı olan Xankəndidə Azərbaycan memarları tərəfindən tikilən, ancaq uzun illər separatçı qüvvələrin terror yuvasına çevrilmiş memarlıq nümunələri bu gün yenidən öz sahiblərinə qayıdıb.

Cənab Prezident İlham Əliyevin dövlət idarəetməsi anlayışı, formalaşdırdığı dövlət siyasəti öz bəhrəsini verdi və biz əzəli torpaqlarımızı düşmən işğalından azad etdik. Bu uğurlu siyasətin davamı olaraq hazırda həmin ərazilərdə həyata keçirilən yenidənqurma işlərinin intensivliyi,qarşıdan gələn yaxın illər ərzində məskunlaşmanın tam şəkildə başa çatacağına heç kimdə şübhə doğurmur.

Ziyafət Əsgərov,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri