26 mart 2024 00:53
330

Novruzla ukraynalıların bahar bayramının bənzərliyi

Azərbaycanlılar Novruzu yazda gecə ilə gündüzün bərabərliyi günündə, ukraynalılar isə xristianlıqdan əvvəlki dövrlərdən qalan Solntsevorot (Gündönümü) vaxtı qeyd edirlər. Ukraynada indiyədək bu günlə bağlı bəzi ənənələr qorunub saxlanılıb. Məna etibarilə o, Novruzu xatırladır, yeni ilin başlanğıcı, yazın gəlişi deməkdir, firavanlıq və dirçəliş rəmzidir. Hətta xalqlarımızın bəzi ənənələri də üst-üstə düşür.

Əvvəllər olduğu kimi, bu il də Novruz bayramı Ukraynanın paytaxtında “Sarsılmazlıq yurdu”nun yaxınlığında qeyd olundu. Amma bu dəfə tədbir çərçivəsində Novruzun Ukrayna analoqu olan Solntsevorotu qeydetmə ənənələri və adətləri də təqdim olunub.

“İki sahil” xəbər verir ki, tədbir Ukraynanın xalq deputatı, “Sarsılmazlıq yurdu” layihəsinin həmtəsisçisi Sergey Naqornyakın təşəbbüsü və dəstəyi ilə baş tutub.

Onun sözlərinə görə, ölkədəki çətin şəraitə baxmayaraq, insanların həyatın davam etdiyini təsdiqləyən bayramı keçirməsi vacibdir. “Biz əcdadlarımızın adət-ənənələrinə hörmətlə yanaşırıq və əsas odur ki, ukraynalıların və türklərin bəzi adət-ənənələri oxşardır. Baharda gecə ilə gündüzün bərabərliyi günündə onlar yeni ili, yazın gəlişini qeyd edir, ukraynalılar baharı salamlayan xüsusi mahnılar, o cümlədən "vesnyanka" oxuyur, rəqs edir, xalq oyunları oynayır, ritual xörəklər - "larks" hazırlayır, tonqalın üzərindən atlayırlar. Bu, yeni kənd təsərrüfatı ilinin başlanğıcı, yazın qış üzərində qələbəsi deməkdir. “Sarsılmazlıq yurdu” layihəsi inkişaf edir və ukraynalıların türk adət-ənənələri, eləcə də xalqlarımızın tarixinin ortaq səhifələri ilə tanış olduqları bir mədəniyyət mərkəzi rolunu oynayır. Həmçinin bu il biz görkəmli Ukrayna şairi və rəssamı Taras Şevçenkonun 210 illik yubileyini qeyd edirik. O, indi Kiyevdə və Ukraynanın digər şəhərlərində quraşdırılan analoji yurdun yanında qazax adət-ənənələrinə riayət edərək Qazaxıstanda on bahar bayramını qarşılayıb. O, türk xalqlarına hörmət və maraqla yanaşmış, onların adət-ənənələri və həyat tərzi Şevçenkonu yeni şedevrlər yaratmağa ruhlandırıb. Ukrayna və türk xalqlarını ən görkəmli ukraynalı şairin birləşdirməsi çox rəmzidir”, - deyə Sergey Naqornyak qeyd edib.

Tədbirdə çıxış edən Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri vəzifəsini icra edən Rostislav Karandeyev bildirib ki, türk toplumları Ukrayna cəmiyyətinin tərkib hissəsidir və onu öz adət-ənənələri ilə zənginləşdirir. “Sarsılmazlıq yurdu” ənənəvi olaraq mədəniyyətlərarası dialoqun inkişafı üçün mühüm layihələr həyata keçirir. Bu gün biz çox əlamətdar bir bayram - yeni həyatın gəlişi, dirçəliş və firavanlıq ilə bağlı olan Novruz haqqında daha çox biliklər öyrənə bilərik. Bizim əcdadlarımız yazda gündüzlə gecənin bərabərliyi günündə belə bayram keçiriblər”, - deyə mədəniyyət və informasiya siyasəti naziri əvəzi bildirib.

Ukrayna və türk qrupları ənənəvi olaraq qonaqlara Ukraynada Solntsevorot və Türk ölkələrində Novruzda ifa olunan mahnı və rəqslər təqdim ediblər. “Qafqaz” ansamblı “Nəlbəki”, “Yallı”, “Naz eləmə” və başqa Azərbaycan xalq rəqslərini ifa edib.

Fəxri qonaqlar arasında Kiyev Milli Taras Şevçenko Universitetinin rektoru Vladimir Buqrov, Türkiyə, Qazaxıstan, Azərbaycan, Yaponiya və digər ölkələrin səfirliklərinin nümayəndələri də olublar.