26 mart 2024 02:31
329

Biləsuvarda bölgənin ən böyük məktəb binasının tikintisi yekunlaşıb

Biləsuvar rayonunda ən müasir tələblərə cavab verən məktəb binasının tikintisi tamamlanıb.

“İki sahil” xəbər verir ki, məktəb binasının tikintisi 7 min sakinin yaşadığı Bəydili kəndində həyata keçirilib.

Bəydili kəndinin gələcək inkişafı nəzərə alınaraq, 700 yerlik məktəb binası sökülüb və yerində ən müasir tələblərə, normalara cavab verən 1400 şagird yerlik təhsil müəssisəsinin tikintisi aparılıb.

Tikintini həyata keçirən şirkətin iş icraçısı Vidadi İsmayılov bildirib ki, kənddə tikilən bu məktəb binasının bölgədə analoq yoxdur: “Üçmərtəbəli, 7 korpusu, 650 yerlik akt zalı, 460 yerlik yeməkxanası və 72 sinif otağından ibarət məktəbin iki bağlı və açıq meydançası var”.

Kənd sakini Mirvəli Zəkiyev qeyd edib ki, şəhid Rüfət Mikayılovun adını daşıyan Bəydili kənd tam orta məktəbinin binası uzun illər istismarda olduğundan qəzalı vəziyyətə düşmüşdü: “Məktəbdəki şəraitsizlik bir qisim şagirdin təhsilini digər məktəblərdə davam etdirməsinə səbəb olmuşdu. Məktəbin mövcud durumu ilə bağlı kənd sakinlərinin ölkə rəhbərliyinə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı müraciət müsbət cavablandırılıb”.

Qeyd edək ki, sözügedən məktəbin tikintisinə ötən ilin aprel ayından başlanılıb.