27 mart 2024 23:12
302

Bakıda orta aylıq əməkhaqqı 1177 manat təşkil edib

Yanvar-fevral aylarında paytaxtın istehsal və xidmət sahələri necə çalışıb?

Sənayenin inkişafı haqqında

2024-cü ilin yanvar-fevral aylarında sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi 8,5 milyard manat təşkil edib. Sənaye məhsulunun 76,6 faizi mədənçıxarma, 20 faizi emal, 2,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,5 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,9 faiz təşkil  edib.                                                  

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 mart 2024-cü il vəziyyətinə 472,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 52,2 milyon manat məbləğində digər məhsullar da  mövcud olub.

Tikintinin əsas göstəriciləri

Bu ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 81,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 8 faizini əsaslı təmir, 5,1 faizini cari təmir, 5,7 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 87,7 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Məhsul bazarı haqqında

Cari ilin yanvar-fevral aylarında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz artaraq 5175,6 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artaraq 2864,3 milyon manata çatıb. Qeyri-ərzaq məhsullarının həcmi isə 5,1 faiz artaraq 2311,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 35,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

İctimai  iaşə

Həmin müddətdə yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13 faiz artaraq 171,5 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 118,6 milyon manat olub ki, bu da ümumi dövriyyənin 69,1 faizini təşkil edib.

Ödənişli xidmətlər haqqında

Bu müddətdə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,8 faiz artaraq 1080,2 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 1036,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 96 faizini təşkil edib.

Əməkhaqqı

2024-cü ilin yanvar ayında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 1177,8 manat təşkil edib.     

Bakı Şəhər Statistika İdarəsi