29 mart 2024 22:46
307

İctimai nəqliyyatda yeni tələblər

Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. Bu tələblər həmin avtonəqliyyat vasitələrinin texniki göstəricilərinin, o cümlədən onların daxili və xarici tərtibatına dair tələblərin hüquqi əsaslarını müəyyən edir.

Yeniliklər nədən ibarət olacaq?

Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır. Dövri texniki baxışdan keçməmiş müntəzəm daşımalar yerinə yetirən avtonəqliyyat vasitələri sərnişindaşımada istifadə edilə bilməz. Bu avtonəqliyyat vasitələrinin salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi ilə təchiz edilməlidir. Həmin avtonəqliyyat vasitələri bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən, qeydə aldığı məlumatları azı 15 gün saxlaya bilən yaddaş qurğusu olan videokameralarla təchiz edilməlidir.

Bu avtonəqliyyat vasitələrində qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı olmalıdır. Həmçinin ilk tibbi yardım qutusu, 2 ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq olmalıdır. Sürücünün görməsinə maneə yaratmamaq şərti ilə salonu işıqlandıran işıqlar olmalıdır. Sutkanın qaranlıq vaxtı sərnişin daşınarkən, həmin işıqlar yandırılmalıdır. Avtonəqliyyat vasitələrində sərnişinlər üçün çıxışlar və qəza çıxış yerləri olmalıdır. Salonda maarifləndirici xarakterli əşyalar və qurğular, habelə gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri istisna olmaqla, konstruksiyada nəzərdə tutulmayan digər əşyanın yerləşdirilməsinə yol verilmir. Sözügedən avtonəqliyyat vasitələrində Yerüstü Nəqliyyat Agentliyinin uyğun loqosu, qısaldılmış adı (AYNA) və çağrı mərkəzinin nömrəsi olmalıdır.

Avtonəqliyyat vasitələri marşrut lövhəsi ilə təchiz olunmalıdır. Marşrut lövhəsində marşrutun nömrəsi (beynəlxalq müntəzəm sərnişin daşımaları istisna olmaqla), habelə Azərbaycan dilində başlanğıc, son və əsas aralıq dayanacaq məntəqələrinin adları göstərilməlidir. Gediş haqqının nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirildiyi barədə məlumat yerləşdirilməlidir. Avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır.

Avtonəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulduğu halda, müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində əlilliyi olan şəxslərin təkərli oturacaqları və uşaq arabaları üçün xüsusi işarələnmiş yerlər və müvafiq təhlükəsizlik sistemi olmalıdır. Həmçinin avtomobildə marşrutun sxeminin bütün dayanacaq məntəqələri, o cümlədən növbəti dayanacaq məntəqəsini göstərməyə imkan verən elektron informasiya lövhəsi olmalıdır.

Hansı avtomobillər taksi fəaliyyəti ilə məşğul ola bilər?

Sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarında mühərrikli və ya elektrik mühərrikli avtomobil nəqliyyatı vasitələri istifadə oluna bilər.

Taksi minik avtomobilləri kimi M1 kateqoriyasına aid minik avtomobilləri istifadə oluna bilər. İkiqapılı (siyirmə qapısı olan minivenlər istisna olmaqla), fərdi konstruksiya əsasında hazırlanan, habelə əllə idarə olunan əlilliyi olan şəxs üçün avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilmir. Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir. Taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır. Taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa görə buraxılış kartı verilmir. Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.

Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olmalıdır. Taksi minik avtomobilində sərnişinin daşınmasını bildirən xüsusi cihaz yerləşdirildikdə həmin cihaz avtomobilin alın şüşəsinin yuxarı sağ küncündə və ya taksi fənərinin yanında yerləşdirilməli və həmin avtomobilin boş və ya dolu olduğunu bildirməklə müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan olmalıdır.

Taksi minik avtomobillərində sərnişin üçün ön oturacağın cihaz panelində yaxşı oxuna biləcək şəkildə sürücünün soyadı, adı, fotoşəkli, eləcə də daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, əlaqə nömrəsi, avtonəqliyyat vasitəsinin buraxılış kartının nömrəsi göstərilən 110x60 mm ölçüdə məlumat lövhəsi olmalıdır. Taksi minik avtomobilləri gediş haqqının qiymətini müəyyən etməyə imkan verən taksometr və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihazla təchiz edilməlidir. Taksi minik avtomobilinin salonu təmiz, səliqəli saxlanılmalı və xoşagəlməz qoxular olmamalıdır. Daşınma haqqının tariflərində göstərilmiş nümunəyə uyğun lövhə şəklində yerləşdirilməlidir. Həmçinin lövhədə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olması təmin edilməlidir. Taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.

Cavid Əkbərov, “İki sahil”